AZ

Zviad Gabisonia: Gürcüstanda aparılan təhsil islahatları bu sahənin inkişafına xidmət edəcək

Tbilisi, 12 yanvar, AZƏRTAC

Gürcüstan hökumətinin ölkədə təhsil islahatlarına başlaması barədə qərarına uyğun olaraq parlamentin “Ali təhsil haqqında” Qanuna etdiyi dəyişikliklər və əlavələr, ali təhsildə bəzi ixtisaslar üzrə bakalavariat səviyyəsinin 3, magistraturanın isə 1 il nəzərdə tutulması bəzi dairələrdə hələ də müzakirə olunur.

Məsələ ilə bağlı ölkənin təhsil, elm və gənclər nazirinin müavini Zviad Gabisonia AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbirinə müsahibəsində bildirirb ki, Boloniya sisteminə uyğun olaraq müxtəlif təhsil modelləri mövcuddur. Bakalavr proqramı ya 3 il, ya da 4 il davam edir, magistratura isə 1 və ya 2 il ola bilər. İndiyədək Gürcüstanda 4+2 modeli tətbiq olunurdu. Yeni qəbul ediləcək model isə 3+1-dir. Bu model əsasında təhsilin bakalavriat səviyyəsində əsas fənlər 3 il ərzində tədris olunacaq, magistratura isə 1 il davam edəcək.

“Bizim gözləntimiz odur ki, tələbələr 3 il ərzində öz ixtisaslarını dərindən mənimsəyərək peşəkarlığa nail olacaqlar və sonra sürətlə karyeralarını qurmağa başlayacaqlar”, – deyə Gabisonia vurğulayıb.

Onun sözlərinə görə, ali təhsilin magistratura səviyyəsində isə Avropada olduğu kimi birillik proqramlar populyardır. Bu müddət ərzində tələbələr həm təhsil alacaq, həm də iş təcrübəsi qazana biləcəklər. Gürcüstan dövlətinin elan etdiyi 3+1 proqramı da məhz buna hesablanıb.

Nazir müavini deyib ki, qeyri-gürcü dillərində təhsil alan Gürcüstan vətəndaşları üçün uzun illər “1+4” proqramı tətbiq olunurdu. Bu proqram Azərbaycan icması üçün də keçərli idi. Azərbaycanlı tələbələr imtahanlarını öz ana dillərində verə bilir, imtahanlardan sonra isə Gürcüstan dövləti onların təhsil haqqını tam maliyyələşdirirdi. Bundan əlavə, 1 il ərzində tələbələr əlavə kurslarda gürcü dilini öyrənmək imkanına sahib olurdular. Yeni model “1+3” proqramında da heç bir neqativ dəyişiklik yoxdur. O deyib: “Statistikaya nəzər salsaq, indiyədək Azərbaycan dilində təhsil alan tələbə sayı 200 nəfər idisə, cari ildə bu rəqəm iki dəfə artırılaraq 400 nəfər olub. Bu qərar Azərbaycan icması üçün daha da əhəmiyyətlidir. Bu il Azərbaycanəsilli tələbələrin təhsil haqqının ödənilməsi üçün dövlət büdcəsindən 900 min lari vəsait ayrılıb”.

Nazir müavini Azərbaycanla təhsil və elm, eləcə də gənclər siyasəti sahəsində əməkdaşlığa da aydınlıq gətirib: “Əsas məqsədimiz dost Azərbaycanla strateji tərəfdaşlıq və əməkdaşlığı daha da möhkəmləndirməkdir. Bu əməkdaşlıq təhsil nazirlikləri arasında da davam etdirilir. Əsas məqsəd strateji araşdırmaların aparılması, tələbə və professorların mübadiləsi, həmçinin akademik təcrübənin paylaşılmasıdır”.

“Biz hesab edirik ki, həyata keçiriləcək tədbirlər bu məqsədlərə xidmət edəcək və zamanı gəldikcə reallaşdırılacaq. Bu proqramlar dövlət tərəfindən maliyyələşdiriləcək və ilkin mərhələdə iki və ya dörd ixtisası əhatə edə bilər. Bu yanaşma birgə əməkdaşlığımızı daha da genişləndirəcək və dərinləşdirəcək”, – deyə o vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
62
azertag.az

1Mənbələr