Bakı, 12 yanvar, Gülay Nəzərova, AZƏRTAC
Ötən il Azərbaycan Dövlət Uşaq Filarmoniyasında uşaq və yeniyetmələrin yaradıcılıq potensialının üzə çıxarılmasına yönəlmiş konsert və təhsil layihələri həyata keçirilib. Xüsusi diqqət gənc ifaçıların solo ifaçılıq bacarıqlarının, ansambl mədəniyyətinin və səhnə təcrübəsinin inkişafına, həmçinin peşəkar musiqiçilər və pedaqoqlarla əməkdaşlığa yönəldilib. Yay aylarında musiqi məktəblərinin şagirdləri üçün geniş dinləmələr təşkil olunub və nəticədə böyük solist bazası formalaşdırılıb. Konsertlərin və tədbirlərin sayı xeyli artıb. Həmçinin il ərzində tematik konsertlər, ustad dərsləri və müsabiqələr keçirilib.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Səidə Tağı-zadə deyib.
“Həyata keçirilən layihələr uşaqlara tədris prosesinin çərçivəsindən kənara çıxmaq imkanı verdi. Onlar səhnədə daha sərbəst davranmağa başlayır, özlərini dinləməyi, musiqi materialını və ifaçının məsuliyyətini daha dərindən dərk etməyi öyrənirlər. Bir çox iştirakçı üçün bu mərhələ həm peşəkar, həm də şəxsi inkişaf baxımından mühüm əhəmiyyət kəsb etdi, özünə inamı və musiqidə daha da irəliləmək istəyini gücləndirdi”, - deyə direktor vurğulayıb.
O bildirib ki, hazırlanan proqramlar yalnız maarifləndirici deyil, eyni zamanda ilhamverici xarakter daşıyaraq uşaqlara öz bədii dillərini tapmaqda və səhnədə özlərini inamla hiss etməkdə kömək edib.