AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və lingvistik təhlil şöbəsinin müdiri, professor Sevinc Əliyeva saytımıza müsahibəsi zamanı qeyd edib ki, dil normalarına əməl etməyən sayt və televiziyalara cərimələr tətbiq olunmalıdır.
Dil normalarına əməl etməyən sayt və televiziyaların cərimə olunmasına ehtiyac varmı?
Qarabağ Universitetinin Elm şöbəsinin müdiri, filologiya elmləri doktoru, türkoloq alim Elçin İbrahimov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, Sevinc xanım bu sahədə uzun illərdir fəaliyyət göstərir və bu müddət ərzində çoxsaylı monitorinqlər aparılıb.
"Prinsip etibarilə Sevinc xanımın səsləndirdiyi fikirlərlə razıyam. Lakin burada diqqət yetirilməli mühüm bir məqam var: söhbət cərimənin tətbiqindən gedirsə, bu cərimənin hansı formada həyata keçiriləcəyi, hansı hüquqi və institusional mexanizmlərə əsaslanacağı da aydın şəkildə müəyyənləşdirilməlidir. Bu məsələyə xüsusi həssaslıqla yanaşmaq lazımdır.
Azərbaycan dili qaydalarına və dil normalarına əməl etmək hər bir vətəndaşın borcudur. Bu, sadəcə tövsiyə deyil, cəmiyyət olaraq yerinə yetirməli olduğumuz bir məsuliyyətdir. Əgər biz bu məsuliyyəti yetərincə dərk etmiriksə, burada artıq səbəblər üzərində düşünmək və problemin mahiyyətinə enmək zərurəti yaranır".
Türkoloq vurğuladı ki, bu mövzunun cərimələr kontekstində müzakirə olunması ona xoş təsir bağışlamır:
"Çünki əslində borcumuz olan, riayət etməli olduğumuz bir məsələni – ana dilimizin qorunmasını – inzibati cəza mexanizmləri ilə tənzimləmək sağlam və ürəkaçan mənzərə deyil. Dil sevgisi və dilə hörmət cərimə qorxusu üzərində qurulmamalıdır.
Lakin əgər vəziyyət artıq bu həddə çatıbsa və başqa çıxış yolu qalmayıbsa, bu, cəmiyyət olaraq ciddi nəticələr çıxarmalı olduğumuzun göstəricisidir. Deməli, maarifləndirmə, məsuliyyət hissi və ictimai şüur sahəsində boşluqlar mövcuddur və bu boşluqlar üzərində düşünmək artıq qaçılmazdır".
Aytəkin TOFİQQIZI