ABŞ prezidentinin müdafiə xərclərini artırmaq çağırışları NATO üzvlərini daha məsuliyyətli mövqeyə sövq edir...
Poliqon xəbər verir ki, NATO-nun baş katibi Mark Rütte ABŞ prezidenti Donald Trampın alyans üçün düzgün və faydalı addımlar atdığını bildirib. Onun sözlərinə görə, Tramp NATO ölkələrini müdafiə xərclərini artırmağa təşviq etməklə hərbi blokun güclənməsinə real töhfə verir.
Rütte qeyd edib ki, alyansa yardım edən hər kəs əslində yaxşı iş görmüş olur və bu baxımdan Trampın mövqeyi müsbət qiymətləndirilməlidir. O vurğulayıb ki, ABŞ prezidenti NATO üzvlərini Vaşinqtonun müdafiə xərcləri səviyyəsinə yaxınlaşmağa təşviq etməklə kollektiv təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir.
Baş katib eyni zamanda NATO-nun Arktika bölgəsinin müdafiəsi istiqamətində səylərinin gücləndirilməsini də müsbət addım kimi dəyərləndirib. Onun sözlərinə görə, Danimarka artıq təkcə ümumi müdafiə sahəsində deyil, həm də xüsusi və unikal hərbi imkanların inkişafı istiqamətində investisiyalarını sürətləndirir. Rütte bildirib ki, alyans Danimarkanın müdafiə potensialının artırılması üçün düzgün istiqamətdə irəliləyir.
Qeyd edək ki, 2026-cı ilin yanvarında ABŞ ilə Avropa arasında münasibətlər kəskinləşib. Buna səbəb Donald Trampın Danimarkaya məxsus Qrenlandiya adasını ələ keçirmək niyyəti ilə bağlı açıqlaması olub. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas NATO-nun Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı narahatlıqları aradan qaldıra biləcəyini bildirib. Eyni zamanda, KİV-lər Almaniya və Böyük Britaniyanın Qrenlandiyaya öz hərbi qüvvələrini göndərmək imkanlarını müzakirə etdiyini yazıb.
Poliqon.info