AZ

Avtomobil yolda qalırsa, kim köməyə gəlir? - Xarici təcrübə və yerli yanaşma

Bir çox xarici ölkələrdə yolda qalan avtomobillərə operativ texniki yardım göstərən xüsusi xidmətlər illərdir fəaliyyət göstərir və bu xidmətlər yol təhlükəsizliyinin ayrılmaz hissəsi hesab olunur.

Məsələn, Rusiyada, həmçinin ABŞ-da AAA (American Automobile Association), Almaniyada ADAC, Böyük Britaniyada RAC və AA kimi qurumlar sürücülərə təkər dəyişdirilməsi, akkumulyatorun işə salınması, yanacaq çatdırılması və avtomobilin evakuasiyası kimi xidmətlər göstərir.

Bu xidmətlər əsasən üzvlük, sığorta və ya qismən ödəniş prinsipi ilə həyata keçirilir və sürücülərin yolda uzun müddət köməksiz qalmasının qarşısını alır.

Bəs, Azərbaycanda bu məsələ necə tənzimlənir?

Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı mövcud vəziyyəti və mümkün çıxış yollarını şərh edib.

Elməddin Muradlı bildirib ki, hazırda Azərbaycanda yolda qalan avtomobillərə xüsusi olaraq xidmət göstərən ayrıca bir xidmət növü mövcud deyil.

"Bununla belə, Yol Polisi əməkdaşları imkanları daxilində yolda qalan vətəndaşlara kömək göstərirlər. Bu yardım əsasən təkərin dəyişdirilməsi, nasaz avtomobilin yol kənarına çıxarılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi kimi halları əhatə edir.Bu gün bu cür yardımlar daha çox milli və mənəvi borc, eləcə də xidməti məsuliyyət çərçivəsində həyata keçirilir. Qanunvericilikdə isə yolda qalan sürücülərə operativ texniki yardım göstərən ayrıca bir xidmət növü nəzərdə tutulmayıb."

Ekspert deyib ki, belə bir xidmətin Azərbaycanda yaradılması, təbii ki, mümkündür.

"Lakin burada əsas məsələ onun hansı qurumun tabeliyində fəaliyyət göstərəcəyi ilə bağlıdır. Bu xidmətin ya Yol Polisinin tabeliyində, ya da ayrı bir qurum və ya müəssisə kimi fəaliyyət göstərməsi variantları nəzərdən keçirilə bilər. Bu baxımdan, xidmətin Yol Polisinin tabeliyində fəaliyyət göstərməsi daha məqsədəuyğun hesab oluna bilər. Çünki polis ölkə üzrə hər yerdə mövcuddur: magistral yollarda stasionar postlar var, rayon və bölgələr üzrə yol polisi bölmələri fəaliyyət göstərir. Bu da yolda qalan sürücülərə daha operativ yardım göstərilməsi üçün geniş imkanlar yaradır."

Nəqliyyat eksperti qeyd edib ki, bu cür xidmətin ödənişsiz şəkildə göstərilməsinin nə dərəcədə real olduğu da ayrıca müzakirə mövzusudur.

"Xidmətin tam pulsuz, qismən ödənişli və ya sığorta mexanizmi əsasında təşkili kimi alternativ modellər də nəzərdən keçirilə bilər."

Elvin Səxavətoğlu
Day.Az

Seçilən
14
day.az

1Mənbələr