AZ

İran vurdu, ABŞ vuracaqmı? – Tehran küçələrindən Vaşinqtonun hədəsinə uzanan təhlükəli yol

İranda ölkənin müxtəlif şəhərlərindən gələn məlumatlar göstərir ki, sosial-iqtisadi narazılıq siyasi üsyan həddinə çatıb. Yanvarın 11-dən 12-nə keçən gecə Tehran, Məşhəd, İsfahan, Şiraz və digər iri şəhərlərdə minlərlə insan yenidən küçələrə çıxdı. Etirazçılar bahalaşmaya, işsizliyə, azadlıqların boğulmasına və teokratik idarəçiliyə qarşı şüarlar səsləndirdi.

İran daxilindən sızan videomateriallardan görünür ki, rejim bu dəfə də cavabı güllə ilə verdi. Təhlükəsizlik qüvvələri etirazçıların üzərinə atəş açdı, onlarla insanın öldüyü və yüzlərlə şəxsin saxlanıldığı bildirilir.

Xüsusilə gecə saatlarında mobil internetin kəsilməsi, sosial şəbəkələrə girişin məhdudlaşdırılması Tehran hakimiyyətinin vəziyyətin nəzarətdən çıxdığını etirafı kimi dəyərləndirilir. Bu, artıq ilk hadisə deyil. Lakin yanvarın 11-12-si gecəsi baş verənlər göstərir ki, rejim açıq şəkildə “vur” əmri verib. Dinc etirazçılar “düşmən”, “xarici agent” adı ilə hədəfə alındı.

Məhz bu məqamda diqqətlər Vaşinqtona yönəlib. Tramp administrasiyası son günlər İrana ünvanlanan ritorikanı kəskinləşdirib. Ağ Evə yaxın mənbələr və Trampın özünün açıqlamaları göstərir ki, ABŞ İran hakimiyyətinin xalqa qarşı kütləvi zorakılığa əl atacağı təqdirdə bunu cavabsız qoymaq niyyətində deyil. Əgər Tehran xalqı gülləbaran etməyi dövlət siyasətinə çevirərsə, ABŞ tərəfindən misli görünməmiş zərbələr qaçılmaz olacaq. Bu xəbərdarlıq sadəcə diplomatik bəyanat deyil, hərbi və siyasi mexanizmlərin işə salınacağına işarədir.

Vaşinqtonda hesab edirlər ki, İran rejimi daxili terroru xarici avantüralarla ört-basdır etməyə çalışır və bu, artıq beynəlxalq təhlükəsizliyə təhdid yaradır.

Hazırda ABŞ-nin İrana qarşı mümkün addımları ilə bağlı bir neçə real ssenari müzakirə olunur. Birinci ssenariyə görə, İrana hədəfli hərbi zərbələr vurula bilər. Bu halda ABŞ İranın hərbi-strateji obyektlərini, xüsusilə SEPAH-a məxsus bazaları, raket infrastrukturlarını və dron istehsalı mərkəzlərini hədəf ala bilər. Məqsəd rejimin güc aparatını zəiflətməkdir. Mümkündür ki, İranın İraq, Suriya, Livan və Yəməndəki proksi qüvvələrinə qarşı eyni vaxtda zərbələr endirilə bilər. Bu, Tehranın “müqavimət oxu” adlandırdığı şəbəkəni iflic etməyə hesablanıb.

Digər bir ssenari isə ABŞ-nin İrana qarşı total təzyiq və blokada addımlarının genişlənməsidir. Birbaşa genişmiqyaslı müharibə olmadan İran iqtisadiyyatını tam çökdürəcək sanksiyalar, dəniz yollarının nəzarətə götürülməsi və diplomatik izolyasiya dərinləşdirilə bilər. Hazırda vəziyyət kritik nöqtədədir. İran xalqı küçələrdə qan verir, rejim isə güllə ilə hakimiyyətini qorumağa çalışır. Hazırda baş verənlər fonunda dünya bir sualın cavabını gözləyir – İran vurdu, ABŞ vuracaqmıMusavat.com

Seçilən
4
veteninfo.az

1Mənbələr