Milli Məclisin deputatı Fazil Mustafa təklif edib ki, yeni doğulacaq körpələrə yalnız təmiz milli adlar verilsin.
Redaktor.az-a danışa sosioloq Üzeyir Şəfiyev qeyd etdi ki, bu, mövzu çox aktual bir mövzudur:
"Ancaq mən hesab edirəm ki, ilk növbədə dövlət başçımız “ov”, “yev” soyadlarının ləğv edilməsi, milli soyadların götürülməsi ilə bağlı çoxdan vaxtı çatmış bir məsələni sərəncamla həll etsin. Yəni mənə elə gəlir ki, bizim üçün ilk növbədə bu lazımdır ki, biz “ov”, “yev” soyadlarından imtina etməliyik, öz milli soyadlarımızı daşımalıyıq.
Fazil Mustafanın fikrinə gəldikdə, bizim üçün utancvericidir ki, uşaqlarımızın üçdə ikisi ərəb adları daşıyır. Bu, çox arzuolunmaz bir haldır. Uşaqlara ad qoyularkən bəzən filmlərin, serialların qəhrəmanlarının adlarını qoyurlar, heç mənalarını da başa düşmürlər. Hesab edirəm ki, Dövlət Dil Komissiyası buna da çox diqqət yetirməlidir".
Müsahibimizin sözlərinə görə, Azərbaycanda adqoyma mərasimi çox həssas bir məsələdir:
"İslam dininin qəbul olunmasına qədər Azərbaycanda insanlar, igidlər özləri ad qazanırdılar. Dədə Qorqud eposunda deyildiyi kimi, el ağsaqqalı Dədə Qorqud və yaxud da digər el-obanın ağsaqqalı bir şücaət göstərmiş, igidlik göstərmiş insana ad qoyardı.
Adlar valideynlərin övladlarına verdiyi ilk və ən dəyərli hədiyyədir. Ona görə bu hədiyyəni seçərkən valideynlər çox həssaslıq göstərməlidirlər. Mahiyyətli adlar qoymalıdırlar. Əlbəttə ki, milli adlar qoymalıdırlar. Çünki uşaq məhz adı ilə böyüyür, adlar psixoloji sirayət gücünə malikdir. Bəzən uşaq öz adına çatmağa çalışır. Ona görə adlar seçərkən çox həssas və diqqətli olmaq lazımdır ki, milli mahiyyətli, lakonik adlar olsun, replikaya, yanaşmaya əsas verməyən adlar olsun".
Sosioloq vurğuladı ki, bəzən uşaqlara meyvə adları və yaxud da məişət əşyalarının adını qoyurlar:
"Stəkan, nəlbəki, samovar, gilas, səbət və s. adlar. Bu, yolverilməz bir haldır. Uşaq adından dost-yoldaş əhatəsində utanır, replikalardan yorulur və hətta yaşı orta yaşa çatsa belə, adını dəyişmək məcburiyyətində qalır. Bəzən də uzun, arxaik, mənasını itirmiş nənə-baba adları qoyurlar. Hesab edirəm ki, bu da məqbul sayıla bilən variant deyil. Burada Dövlət Dil Komissiyasının üzərinə məsuliyyət düşür. Həm də valideynlər bir qədər məsuliyyətli olmalıdırlar ki, bu qoyduqları ad uşaqda travma yaratmasın".
Üzeyir Şəfiyev hesab edir ki, Azərbaycanda kifayət qədər milli adlar qoymaq üçün potensial var.
"Bizim şəhidlərimiz, qazilərimiz, eləcə də incəsənət sahəsində, siyasətdə, ictimai həyatda, dövlət idarəetməsində və yaxud da tarixi şəxsiyyətlərimiz var ki, onların adını biz sevə-sevə öz övladlarımıza qoya bilərik və qoymalıyıq da. Biz nəhayət ki, ərəb-fars adlarından və əcnəbi adlardan, seriallardakı mahiyyətini bilmədiyimiz adlardan imtina etməliyik, öz kimliyimizə qayıtmalıyıq. Yenə də vurğulayıram, bizim cənab prezidentimiz sərəncamla, birbaşa müdaxiləsi ilə “ov”, “yev” soyadlarından imtina etsə, biz ona minnətdar olarıq. Nəhayət ki, uzun zaman soyadlarımızda olan “ov”, “yev”lərdən imtina etməyin vaxtı gəlib çatıb. Çünki biz müstəqil, suveren bir dövlətik, öz milli soyadlarımıza qayıtmalıyıq. Deyə bilərsiniz ki, vətəndaşlara fərdi qaydada seçim verilib, gedib soyadlarını dəyişsinlər. Xeyr, fərdi qaydada dəyişəndə bu, mülkiyyət və əmlak alqı-satqısı zamanı mübahisələrə səbəb olur. Ona görə də məhz dövlət başçısının müdaxiləsilə, bir sərəncamla bu məsələ birmənalı şəkildə həll edilməli, “ov”, “yev” soyadlarından imtina olunmalıdır", - deyə o yekunlaşdırdı.
Aytəkin TOFİQQIZI