İngiltərənin Qrenlandiyanı həm Çin və Rusiyadan qorumaq, həm də adanı ələ keçirmək istədiyi iddia edilən ABŞ-ni çəkindirmək məqsədilə buraya əsgər göndərməyi planlaşdırdığı ortaya çıxıb.
"Cebheinfo.az" “The Telegraph” qəzetinə istinadən xəbər verir ki, İngiltərə Qrenlandiyanı Çin, Rusiya və ABŞ-dən qorumaq üçün adaya hərbi qüvvə yerləşdirmə planını avropalı müttəfiqləri ilə müzakirə edir.
Çin və Rusiyanın bölgədə artan mövcudluğunu təhdid kimi qiymətləndirən İngiltərənin, adanı qorumaq üçün Fransa və Almaniya kimi avropalı müttəfiqlərlə danışıqlar apardığı bildirilir.
Qeyd olunur ki, bu addımın Qrenlandiyanı ələ keçirmək istədiyi iddia edilən ABŞ-ni də çəkindirməsi gözlənilir.Məlumatda alman və fransız həmkarları ilə görüşən britaniyalı hərbi rəsmilərin Qrenlandiyada mümkün bir missiya üçün plan hazırladığına diqqət çəkilir.
İngilis ordusunun ilkin mərhələdə olan bu planına əsasən, adaya təkcə britaniyalı əsgərlər deyil, həmçinin döyüş gəmiləri və hərbi təyyarələrin də yerləşdirilə biləcəyi bildirilir.
Qrenlandiyaya İngiltərə hərbi qüvvələrinin yerləşdirilməsi nəzərdə tutulan missiyanın NATO çərçivəsində həyata keçiriləcəyi, lakin Baltik ölkələri və Polşadakı missiyalardan ayrı bir fəaliyyət olacağı qeyd edilir.
Xəbərdə İngiltərə ordusunun rəsmilərinin bu missiyanın reallaşma ehtimalını nəzərə alaraq artıq hazırlıqlara başladığı və Arktika təhlükəsizliyi ilə bağlı əvvəlcədən planlarının mövcud olduğu bildirilir.
Başqa bir rəsmi isə açıqlamasında, “ABŞ Prezidenti Donald Trampın Rusiyanın Atlantikin şimalında artan aqressiyasının qarşısının alınması və Avropa-Atlantik təhlükəsizliyinin gücləndirilməsi zərurəti ilə bağlı fikirləri ilə razıyıq”, - deyə vurğulayıb.