“ABŞ-ın milli təhlükəsizlik strategiyasına əsasən, Kuba hazırda Vaşinqtonun diqqət mərkəzindədir”.
"Cebheinfo.az" xəbər verir ki, amerikaşünas Malek Dudakov bunu “Vzglyad” qəzetinə ABŞ hakimiyyətinin eyni anda bir neçə ölkəyə təzyiq göstərmək cəhdlərini şərh edərkən bildirib.
Onun sözlərinə görə, Tramp klassik biznes strategiyasından istifadə edir:
“O, eyni anda bir neçə istiqaməti tutur və nəticə əldə etmək şansının yüksək olduğu yerləri müşahidə edir”.
Malek Dudakov bildirib ki, Vaşinqtonun Venesueladan sonra ən açıq hədəfi Kubadır.
“Amerika Birləşmiş Ştatları üçün bu ada dövləti Con Kennedinin prezidentliyindən və Donuzlar Körfəzindəki uğursuz əməliyyatdan bəri on illərdir davam edən yarımçıq qalmış işdir”, - deyə o vurğulayıb.
O, Kuba iqtisadiyyatının çətin vəziyyətdə olduğunu və Venesueladan yanacaq və neft tədarükündən asılı olduğunu deyib.
Ekspert əlavə edib ki, Latın Amerikasında Tramp administrasiyası Boqota və Mexiko şəhərlərini də müşahidə edir.
Məsələn, Kolumbiyada prezident seçkiləri keçiriləcək və sağçıların qələbəsinə ümid edən ABŞ ölkəyə təzyiq göstərəcək.
Qeyd edək ki, bir müddət əvvəl Kuba Prezidenti Migel Diez-Kanel Kubanın artıq Venesueladan neft almayacağına dair ABŞ liderinin kəskin bəyanatlarına cavab verib.
Kuba lideri 66 ildir ki, ABŞ-ın hücumlarına məruz qalan ölkəsinin onlara müqavimət göstərməyə davam etməyə hazır olduğunu deyib.
Bu arada Tramp Venesueladan Kubaya pul və neft axınının qarşısını aldığı barədə açıqlama verib.
O qeyd edib ki, Kuba uzun illər Venesueladan gələn külli miqdarda pul və yanacaq hesabına yaşayıb:
“Bu pullar müqabilində Venesuela son iki liderə təhlükəsizlik xidmətləri göstərib”.