
Son illər arıqlama məhsullarına olan maraq sürətlə artıb. Xüsusilə çaylar, həblər, kapsullar və müxtəlif “bitki tərkibli” preparatlar qısa müddətdə çəki atma vədi ilə geniş auditoriyaya təqdim olunur. Lakin bu məhsulların əksəriyyəti sağlamlıq deyil, biznes maraqları çərçivəsində hazırlanır. Bitki mənşəli olması onların zərərsiz və ya faydalı olduğu anlamına gəlmir. Çünki hər bir bitkinin müalicəvi təsiri ilə yanaşı, düzgün istifadə olunmadıqda ciddi yan təsirləri də mövcuddur.
Bu məhsulların əks təsirləri ilə bağlı Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Missiya.Az-a danışıb.
"Arıqlama məhsulları (çaylar, həblər, kapsullar və s.) əksər hallarda sağlamlıq məqsədi ilə deyil, biznes maraqları çərçivəsində hazırlanır. Bu məhsulların bitki mənşəli olması onların mütləq şəkildə faydalı olduğu anlamına gəlmir. Çünki hər bir bitkinin müalicəvi xüsusiyyətləri ilə yanaşı, düzgün və nəzarətsiz istifadə edildikdə ciddi yan təsirləri də mövcuddur",-ekspert bildirib.
Məhsəti Hüseynovanın sözlərinə görə, arıqlama məqsədilə istifadə olunan çay və preparatlar maddələr mübadiləsini süni şəkildə sürətləndirir, ishal və qusma kimi hallara səbəb olur. Nəticədə orqanizmdən vacib vitamin və minerallar yuyulub gedir, bağırsaq mikroflorası pozulur. Bu proses uzun müddət davam etdikdə immun çatışmazlığı, autoimmun xəstəliklər və ciddi anoreksiya riski artır. Eyni zamanda saç tökülməsi, dırnaqların qırılması, dəridə səpkilərin yaranması müşahidə olunur. Bu məhsullar daxili orqanların, xüsusilə mədə və mədəaltı vəzinin fəaliyyətini pozur, bəzi hallarda isə xərçəng və diabet kimi ağır xəstəliklərin yaranmasına səbəb ola bilir.
"Bu məhsullar əsasən reklamlar vasitəsilə istehlakçılara təqdim olunur. Onların harada istehsal edildiyi, tərkibi, mənşəyi və istehsalçı şirkət barədə məlumatların olmaması ciddi risk yaradır. Reklamlarda tez-tez tanınmış simalar, müğənnilər və sosial şəbəkə bloggerləri yer alır. Süni üsullarla, cərrahi əməliyyat nəticəsində arıqlayan şəxslərin bu məhsulları reklam etməsi insanları yanlış yönləndirir. Bir ay ərzində 7–12 kiloqram çəki itirmək əzələ itkisinə, dərinin sallanmasına və ümumi sağlamlığın zəifləməsinə səbəb olur. Xüsusilə gənc xanımların ana olmamışdan əvvəl bu cür məhsullardan istifadə etməsi gələcəkdə doğulacaq uşaqların sağlamlığı üçün də təhlükə yarada bilər.
Sağlam arıqlama qısa müddətli nəticələrə deyil, düzgün həyat tərzinə əsaslanmalıdır. Bədən çəkisini normada saxlamaq üçün sağlam və balanslı qidalanma, aktiv gündəlik həyat tərzi, nizamlı yuxu rejimi və müntəzəm fiziki aktivlik əsas şərtlərdir. Hər hansı məhsul alarkən onun keyfiyyət və nəzarət sertifikatlarının olmasına, həmçinin rəsmi şəkildə satışına icazə verilməsinə diqqət yetirilməlidir. Unutmaq olmaz ki, sağlamlıq heç bir halda risk altına atılmamalıdır",-M.Hüseynova əlavə edib.
İlahə Qənbərli
Missiya.Az