Bakı, 12 yanvar, AZƏRTAC
Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə Azərbaycanın daxili gündəmi ilə yanaşı, beynəlxalq ictimaiyyət üçün də mühüm siyasi və strateji mesajlarla yadda qalıb.
Bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.
Onun sözlərinə görə, dövlətimizin başçısının müsahibəsi Azərbaycanın regional və qlobal proseslərdə artan rolunu, eyni zamanda, formalaşmaqda olan yeni təhlükəsizlik arxitekturasında tutduğu mövqeyi aydın şəkildə nümayiş etdirir.
Siyasi şərhçi bildirib ki, müsahibədə TDT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi yer ayrılması diqqətçəkən məqamlardandır. “Prezident İlham Əliyev bu əməkdaşlığın hər hansı yeni hərbi blokun yaradılması deyil, artıq mövcud olan iqtisadi, nəqliyyat və logistika layihələrinin təhlükəsizlik müstəvisində tamamlanması olduğunu açıq şəkildə ifadə etdi. Bu yanaşma Azərbaycanın regionda sabitlik, qarşılıqlı etimad və əməkdaşlıq tərəfdarı olduğunu bir daha təsdiqləyir”, - deyə Ü.Zülfiqar vurğulayıb.
Onun fikrincə, Türk Dövlətləri arasında artıq formalaşmış iqtisadi əlaqələr, nəqliyyat marşrutları və enerji layihələri mövcuddur və bu layihələrin təhlükəsizliyinin təmin edilməsi obyektiv zərurətdir. Bu kontekstdə təhlükəsizlik sahəsində koordinasiya regional əməkdaşlığın məntiqi və təbii davamı kimi çıxış edir. Prezidentin mesajları da məhz bu strateji xətti əks etdirir.
Ü.Zülfiqar qeyd edib ki, Zəngəzur dəhlizi ilə bağlı səsləndirilən fikirlər müsahibənin əsas strateji məqamlarından biri olub. Prezident İlham Əliyev bu layihəni təkcə Azərbaycanın milli maraqları baxımından deyil, bütövlükdə regionun iqtisadi inteqrasiyasına xidmət edən mühüm nəqliyyat xətti kimi xarakterizə etdi. Bu yanaşma Zəngəzur dəhlizinin regional və qlobal əhəmiyyətini bir daha ön plana çıxarır. Zəngəzur dəhlizi Avropa ilə Asiya arasında alternativ bağlantı yaratmaqla regionun tranzit imkanlarını daha da genişləndirir.
“Müsahibədə Azərbaycan-ABŞ münasibətlərinə dair səsləndirilən mesajlar da beynəlxalq auditoriya üçün xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı bu münasibətlərin qarşılıqlı hörmət və real maraqlar əsasında inkişaf etdirilməsinin vacibliyini vurğulamaqla Azərbaycanın tərəfdaşlıq üçün etibarlı və praqmatik dövlət olduğunu bir daha nümayiş etdirdi”, – deyə siyasi şərhçi qeyd edib.
O sonda vurğulayıb ki, Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın yeni mərhələdə regional proseslərdə daha fəal rol oynadığını və qlobal siyasətdə manevr imkanlarını genişləndirdiyini açıq şəkildə göstərir. “Bu gün Azərbaycan regional və qlobal təhlükəsizlik, nəqliyyat və iqtisadi gündəmin formalaşmasında iştirak edən və söz sahibi olan nüfuzlu aktor kimi çıxış edir”, – deyən siyasi şərhçi fikrini tamamlayıb.