Berlin, 12 yanvar, AZƏRTAC
Avropanın bir sıra ölkələri ABŞ Prezidentinin Qrenlandiya ilə bağlı açıqlamaları nəticəsində yaranan ciddi narahatlıqlar fonunda Arktikada NATO-nun hərbi mövcudluğunun artırılmasını təklif edirlər.
AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, Almaniyanın xarici işlər naziri Yohan Vadeful Şimali Atlantikada təhlükəsizlik məsələlərinin NATO çərçivəsində həll olunmasının vacibliyini ifadə edib. Onun sözlərinə görə, dünya dəyişir və yaranan yeni təhlükəsizlik çağırışlarına cavablar isə Alyans daxilində tapılmalıdır.
Böyük Britaniya başda olmaqla bir neçə NATO üzvü “Arktika Keşikçisi” adlı müşahidə missiyasının yaradılmasını irəli sürüb. Bu təşəbbüs ABŞ-ın regionda təhlükəsizliyin zəif təmin edildiyi barədə arqumentlərini zəiflətmək məqsədi daşıyır. Xəbərdə qeyd olunub ki, Böyük Britaniya və Almaniya digər Avropa ölkələri ilə birlikdə Qrenlandiyada Alyansın mövcudluğunun gücləndirilməsi barədə məsləhətləşmələr aparır.
Bu proseslər fonunda ABŞ Prezidentinin mövqeyində dəyişiklik müşahidə olunmur. O, Qrenlandiyanın ABŞ-ın nəzarətinə keçirilməli olduğunu bildirib və bunu Rusiya və Çindən gələn təhlükə ilə əsaslandırıb. Donald Tramp adanın uzunmüddətli nəzarətə götürülməsinin vacibliyini vurğulayaraq, zor tətbiqi ehtimalını da istisna etməyib.
Danimarkanın Baş naziri Mette Frederiksen isə ABŞ-ın bir NATO üzvünə hücumunun Alyans üçün ciddi nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin