BAKI, 12 yanvar. TELEQRAF
“Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib.
Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sərkisyanın tərəfdarlarının Kremlin təbliğatçısına cavab verməkdən qorxduqlarını bildirib:
“Solovyovun bu məsələdə təkcə Rusiya yox, Ermənistanda da tərəfdaşları var. Bunlar vaxtilə solovyovlar və simonyanların boyunların fəxrlə medallar asmış, bu gün isə açıq şəkildə hərbi təcavüzə çağıran və faktiki olaraq Ermənistanın işğalını təbliğ edənlərə cavab verməkdən qorxaraq susan dairələrdir. Bunun səbəbi birdir: hamısı Ermənistanın üçüncü ölkənin (Rusiyanın – red.) təsir dairəsi olduğu fikrində həmfikirdir. Halbuki Ermənistan bu gün öz suverenliyini bərpa edib və onların siyasi məqsədi də məhz budur: Ermənistanı bu suverenlikdən məhrum etmək, yenidən təsir zonası, forpost və quberniyaya çevirmək. Buna imkan verməyəcəyik”.
Hakim partiyanın digər deputatı Arman Yeqoyan da Vladimir Solovyova münasibətdə susqunluq nümayiş etdirən Ermənistan müxalifətinə sərt təpki göstərib:
“Yerli mətbuatda Rusiya dövlət televiziyasının jurnalisti Vladimir Solovyovun Ermənistanda “xüsusi hərbi əməliyyat”ın başlanmalı olduğu barədə açıqlamasını axtarıram, tapa bilmirəm. Nəinki tapmıram, həm də bu barədə heç bir müzakirə, sual, sorğu, rəy, debat, təcili mətbuat konfransı, təcili görüş də görmürəm. Türkiyə və Azərbaycanın tanınmış və tanınmamış jurnalist, ekspert və bloqerlərinin, hətta təsadüfi yoldan keçənlərin dediklərini erməni mediasına daşıyan, onların üzərində geosiyasi təhlillər quran, buzun üstündə əllərində telefonla qaçaraq suallar verən jurnalistlər dünyanın ən məşhur rus jurnalistinin təhdidini görməzdən gəlib, susurlar. Müxalifət də susur. Onlarla “buğdaşünas” və “benzinşünas” ekspertlərimizin yanında heç olmasa bir-iki rusiyaşünas yoxdurmu ki, heç olmasa onlar bir ekspert rəyi bildirsin?
Qazaxıstan buğdasının laborator müayinəsi naminə Mərkəzi Asiyanın ucqarlarına qədər gedirlər, amma cənab Solovyovu görməzlikdən gəlirlər. Niyə Rusiyadan səslənən bu təhdid barədə ictimaiyyəti məlumatlandırmır, onu şərh etmirsiniz? Niyə bunu müzakirə mövzusuna çevirmirsiniz?”.
Vladimir Solovyov bundan əvvəl söyləmişdi ki, Ermənistanın itirilməsi Rusiyanın maraqlarına ziddir. Onun sözlərinə görə, “xüsusi hərbi əməliyyat” təkcə Ukraynada yox, Rusiyanın təsir dairəsində olan digər ərazilərdə də həyata keçirilməlidir, xüsusən də Ermənistanda.