Yanvarın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən ölçmə vasitələrinin yoxlanılması fəaliyyətini həyata keçirən fiziki şəxslərin növbəti attestasiyası keçiriləcək. 1news.az xəbər verir ki, attestasiya Komissiyası tərəfindən yoxlayıcıların peşə (təhsili və təcrübəsi) və nəzəri metrologiya bilikləri, kommunikasiya bacarıqları, ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində qanunvericilik aktları üzrə biliklərinin qiymətləndirilməsi aparılacaq. “Ölçmə vasitələrinin yoxlanılmasını həyata keçirən fiziki şəxslərin attestasiyası Qaydaları”na əsasən, ölçmə vasitələrinin yoxlanılması fəaliyyətini həyata keçirən fiziki şəxslər, eləcə də bu sahədə akkreditasiya olunan qurumların yoxlayıcı qismində fəaliyyət göstərən əməkdaşları attestasiya olunmaq məqsədilə 21 yanvar 2026-cı il tarixinədək müvafiq ərizə formasını (“Ölçmə vasitələrinin yoxlanılmasını həyata keçirən fiziki şəxslərin attestasiyası Qaydaları”na 1 nömrəli əlavə) doldurmaqla Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə birbaşa ərizə, rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və elektron poçt ([email protected]) vasitəsilə müraciət edə bilərlər. Attestasiyadan uğurla keçmiş yoxlayıcılara Agentlik tərəfindən 5 il müddətinə qüvvədə olan attestat təqdim ediləcək. Tarix: 27 yanvar 2026-cı il, saat 15:00-17:00 Məkan: Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin inzibati binası Ünvan: Üzeyir Hacıbəyov küçəsi 84, Hökumət Evi, 7-ci qapı.