AZ

Alimlərdən maraqlı kəşf: Ürək dayandıqdan sonra beyin aktiv qala bilər

Yeni elmi araşdırmalar göstərir ki, ürək dayandıqdan sonra beyin fəaliyyətini dərhal və tam şəkildə itirmir. Əksinə, qısa müddət ərzində aktiv qalaraq müəyyən beyin dalğaları istehsal etməyə davam edə bilər. Bu tapıntı ölüm anında insan şüurunda baş verən proseslərə yeni baxış bucağı yaradır.

E-saglam.az xəbər verir ki, alimlər 2023-cü ildə aparılan bir tədqiqat zamanı ilk dəfə olaraq insan beyninin ölümə yaxın mərhələdə fəaliyyətini birbaşa müşahidə ediblər. Ürək tutması keçirmiş və epilepsiya müalicəsi alan 87 yaşlı bir xəstənin beynində ürək dayanmasından təxminən 30 saniyə əvvəl və sonra baş verən dəyişikliklər qeydə alınıb.

Araşdırmada yaddaş, şüur, yuxu və informasiya emalı ilə bağlı beyin dalğalarında artım müşahidə edilib. Bu dalğalar insanın yuxu gördüyü və ya keçmiş xatirələrini xatırladığı zaman yaranan beyin fəaliyyətinə bənzəyir. Alimlər bunun “həyatım gözlərim önündə film lenti kimi keçdi” kimi təsvir olunan təcrübələri izah edə biləcəyini bildirirlər.

Mütəxəssislərin fikrincə, beyin həyatın son anlarında mühüm xatirələri yenidən canlandıra bilər. Bu da göstərir ki, ürəyin dayanması ilə şüur dərhal yox olmur və beyin qısa müddət də olsa funksional olaraq aktiv qala bilir.

Tədqiqatın yalnız bir hal üzərində aparıldığı vurğulanır və nəticələrin ümumiləşdirilməsi üçün daha geniş araşdırmalara ehtiyac olduğu qeyd edilir. Bununla belə, əldə edilən məlumatlar ölüm prosesinin daha sakit və şüurlu ola biləcəyi fikrini gücləndirir.

Alimlər bildirirlər ki, beynin ölümə yaxın dövrdə fəaliyyəti hələ tam şəkildə öyrənilməyib, lakin mövcud nəticələr insan beyninin həyatın son anlarında belə mürəkkəb və aktiv quruluşunu qoruduğunu göstərir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
11
e-saglam.az

1Mənbələr