Bakı, 12 yanvar, AZƏRTAC
Bu gün Tehranda və daha bir neçə böyük şəhərdə iğtişaşlara qarşı hökumətyönümlü nümayişlər keçirilib.
AZƏRTAC xəbər verir ki, İranın dövlət televiziyasının yaydığı məlumata görə, Tehranda, eləcə də Zahədan, Zəncan, Kirman, Qum, Rəşt, Həmədan və ümumilikdə on şəhərdə nümayişə çıxan insanlar hökuməti dəstəkləyən şüarlar səsləndirib və iğtişaşçılar tərəfindən törədilən “son terror aktlarını pisləyiblər”.
Bir müddət əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ölkə hakimiyyəti baş verən terror aktlarında ABŞ və İsrailin iştirakını sübut edən sənədlərə malikdir.
Xatırladaq ki, dekabrın 29-da İran rialının kəskin ucuzlaşması səbəbindən Tehranda ticarətçilər etiraz aksiyalarına başlayıblar. Bir gün sonra tələbələr də onlara qoşulub. Böyük şəhərlərin əksəriyyətinə yayılan iğtişaşlar yanvarın 8-də pik həddə çatıb və nəticədə azı 13 mülki şəxs öldürülüb. Hakimiyyət orqanları isə toqquşmalarda hüquq-mühafizə orqanlarının 38 əməkdaşının həlak olduğunu iddia edib.