AZ

Rusiya nəşri Azərbaycanı İranla bağlı hədəf aldı – ŞOK DETALLAR

“Orta Asiya İranda iqtisadi böhran fonunda ötən ilin sonlarında başlayan kütləvi etirazların nəticəsini həyəcanla gözləyir. Aparıcı Avropa gücləri etirazçılara qarşı zorakılığın tətbiqini artıq pisləsələr də, regional liderlər rəsmi qiymətləndirmələr aparmaqdan çəkinirlər. Düşənbə, Astana, Aşqabad, Daşkənd və Bişkek İrandakı qeyri-sabitliyin qonşu ölkələrə təsirindən narahatdırlar”.

Bu barədə “Nezavisimaya qazeta” yazıb.

Rusiya XİN-in Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı tədqiqatçısı Aleksandr Knyazev “NG”yə bildirib ki, bu susqunluq Mərkəzi Asiya ölkələrinin davranışı göstəricidir:

“Bir ölkə yaxın qonşusundakı hadisələri qiymətləndirməkdə acizdirsə, ölkənin öz maraqlarına əsaslanan mövqeyi yoxdursa, onda onun suverenliyi dəyərsizdir. Həmişə olduğu kimi, Mərkəzi Asiya ölkələrinin elitası sadəcə ABŞ, İsrail və Qərbi Avropa ilə münasibətləri pozmaqdan qorxur. Üstəlik, praktik baxımdan İrandakı hər hansı bir qeyri-sabitlik onlara yalnız zərər verəcək”.

Knyazevin daha sonrakı iddiası diqqət çəkir:

“İndi istənilən xarici təcavüz – məsələn, İsrail, ABŞ, Azərbaycan və onların regiondakı mümkün tərəfdaşlarının İrana raket zərbələri cəmiyyətində əhəmiyyətli dərəcədə daha böyük konsolidasiya üçün güclü təməl ola bilər”.

Rusiyalı ekspert daha sonra yenə İrandakı mümkün hakimiyyət dəyişikliyinin guya Azərbaycandakı sabitliyə də ciddi təsir edəcəyinə işarə edib:

““Ərəb baharı” nın Suriya və Livanda faciəvi təcrübəsi təcrübəsi Azərbaycan, Qazaxıstan və digərləri tərəfindən çox təkrarlana bilər”.

Azər Hüseynov

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Azər Hüseynov qeyd edib ki, İranda cərəyan edən proseslərin obyektiv analizi onu deməyə əsas verir ki, əgər ölkədə vəziyyət daha da gərginləşərsə, bu prosesləri sadəcə Venesuela nümunəsi ilə müqayisə etmək doğru olmaz:

“İran nə siyasi-coğrafi mövqeyi, nə tarixi dövlətçilik ənənəsi, nə də regional çəkisi baxımından Venesuela ilə eyniləşdirilə bilən ölkə deyil. İran Yaxın Şərqin ən böyük dövlətlərindən biri olmaqla yanaşı, ciddi siyasi, iqtisadi və hərbi potensiala malikdir. Ölkə regionda mühüm iqtisadi aktor kimi çıxış edir. İstər tikinti sektoru, istər kənd təsərrüfatı, istərsə də sənaye məhsulları baxımından İran həm istehsalçı, həm də ixracatçı mövqedədir. Eyni zamanda İran mühüm logistika xətləri üzərində yerləşən bir ölkədir ki, bu da ona regional və beynəlxalq ticarətdə strateji əhəmiyyət qazandırır”.

Azər Hüseynovun sözlərinə görə, Azərbaycan–İran münasibətlərinə gəldikdə isə, zaman-zaman siyasi gərginliklər müşahidə olunsa da, tərəflər arasında qarşılıqlı iqtisadi əməkdaşlıq və ticarət əlaqələri mövcuddur:

“Bu əməkdaşlıq hər iki tərəf üçün praktik və real iqtisadi faydalar yaradır. Məhz bu səbəbdən İranda vəziyyətin kəskinləşməsi təkcə regional dövlətlərə deyil, birbaşa Azərbaycana da təsir göstərə bilər. Potensial risklər sırasında qaçqın axını, sosial və demoqrafik balansın pozulması, sərhəd təhlükəsizliyi ilə bağlı problemlər ön plana çıxa bilər. Bu reallıqları nəzərə alan Azərbaycan dövləti mümkün xarici risklərdən qorunmaq üçün çoxvektorlu və şəbəkəvari təhlükəsizlik siyasəti yürüdür. Xüsusilə Türkiyə ilə strateji münasibətlərin daha da dərinləşdirilməsi bu kontekstdə mühüm əhəmiyyət daşıyır”.

Şərhçi bildirib ki, son dövrlərdə baş vermiş 12 günlük hərbi qarşıdurma isə mühüm bir reallığı açıq şəkildə ortaya qoydu:

“İsrail mövcud şərtlər daxilində təkbaşına İranla genişmiqyaslı və davamlı bir müharibə aparmaq gücündə deyil. Belə bir ssenarinin reallaşması üçün ABŞ-nin birbaşa və açıq şəkildə prosesə qoşulması zəruri görünür. Lakin ABŞ-nin münaqişəyə daxil olması artıq məsələnin regional çərçivədən çıxaraq qlobal miqyasda siyasi, iqtisadi və təhlükəsizlik böhranlarına yol açması ehtimalını xeyli artırır. Bu halda söhbət yalnız Yaxın Şərqdən deyil, enerji bazarlarından, beynəlxalq ticarət yollarından və qlobal təhlükəsizlik arxitekturasından gedəcək. Xarici müdaxilə məsələsinə gəldikdə isə, İrana qarşı hər hansı bir birbaşa müdaxilə regionda çox ciddi siyasi, iqtisadi və humanitar fəsadlara yol aça bilər. Belə bir ssenari Yaxın Şərqi daha genişmiqyaslı böhranlar zolağına sürükləyə, miqrasiya dalğalarından tutmuş enerji təhlükəsizliyinə qədər bir çox sahədə destabilizasiya yarada bilər”.

Azər Hüseynov sonda qeyd edib ki, bu gün yaşadığımız beynəlxalq mühit onu göstərir ki, artıq qərarlar təkcə uzunmüddətli diplomatik müzakirələr nəticəsində deyil, bəzən böyük dövlətlərin liderlərinin siyasi iradəsi və subyektiv istəkləri üzərində formalaşır:

“Bu isə proqnozlaşdırma imkanlarını xeyli çətinləşdirir. Digər tərəfdən isə açıq sual qalır:

müasir dünya bu miqyasda yeni bir böyük sarsıntıya, geniş və çoxşaxəli qarşıdurmaya nə dərəcədə hazırdır?

Bu suala birmənalı cavab vermək hazırkı mərhələdə olduqca çətindir”.

Seçilən
23
nocomment.az

1Mənbələr