“Məlumdur ki, quru sərhədlərimiz bağlı saxlanılır. İstəmərik ki, hansısa səbəbdən sərhədlərimizdən ərazilərimizə qeyri-qanuni keçidlər olsun. Dövlət bu istiqamətdə kifayət qədər ciddi tədbirlər görür. İranda baş verən hadisələr qonşu dövlət olaraq bizi də narahat edir, lakin hadisələr İran ərazisində baş verir. İran vətəndaşları hansı istiqamətdə, nə üçün mübarizə aparırlar, bu barədə müxtəlif səbəblər deyilir. İranda çoxluq təşkil edən əhali azərbaycanlılar, türk kökənli vətəndaşlardır. Ərəblərin, farsların və digər dövlətlərin öz şüarları, arzuları var. Hadisələrə isə vahid rəhbərlik yoxdur. Bunlar haradan körüklənir? İsrail, yoxsa ABŞ-dən, Avropa dövlətlərinin mərkəzindən? Bəlkə, İran xalqı dözülməz şəraitə etiraz edir və rejimin devrilməsini istəyir? Müxtəlif səbəblər var, biz isə çalışmalıyıq ki, sərhədlərimizin toxunulmazlığı təmin olunsun”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.
Deputat bildirib ki, Azərbaycan İranla təkcə qonşu dövlət deyil: “Qırx milyondan çox azərbaycanlı İranda yaşayır, bu dövlətin vətəndaşıdır. Biz heç bir dövlətin daxili işinə qarışmaq fikrində deyilik, qarışmırıq da. Ancaq soydaşlarımızın taleyi bizi maraqlandırır. Verilən məlumatlara görə, ixtişaşlarda çoxsaylı insanlar qətlə yetirilib, yaralılar, həbs edilənlər də çoxdur. Bir tərəfdə İran şahının bayrağı qaldırılıb, şahın oğlu isə bəyanat verir ki, İrana gəlirəm. Bu, azərbaycanlılar üçün xoşagələn hal deyil. Çünki İran şahının dövrü də fars rejimi idi, indiki mollaların dövrü də fars rejimidir. Arzuolunan budur ki, İranda yaşayan azərbaycanlılar milli müstəqillikləri uğrunda mübarizə aparsınlar, nəinki başqalarının yedəyində getsinlər”.
Aytəkin Qardaşova