ABŞ Prezidenti Donald Trampın İranın nüvə proqramı ilə bağlı rəsmi Tehranla mümkün danışıqlara hazır olduğunu bildirməsi diqqət çəkib.
“Reuters” agentliyinin yaydığı məlumata görə, İran rəhbərliyinin nümayəndələri yanvarın 10-da ABŞ lideri ilə əlaqə saxlayaraq danışıqlar aparmaq istədiklərini çatdırıblar. “Ola bilsin ki, biz görüşə qədər addım atmalı olacağıq.
Danışıqlar hazırlıq mərhələsindədir. İrandan zəng vurmuşdular, danışıqlar istəyirlər”, - ABŞ lideri qeyd edib. Çox güman ki, Vaşinqtonla dialoq təşəbbüsü artan beynəlxalq təzyiqlər fonunda İran rejiminin öz mövcudluğunu qorumaq cəhdi ola bilər.
Maraqlıdır, ABŞ ilə mümkün danışıqlar indiki rejimin ayaqda qalmasına imkan verə bilərmi?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “Cebheinfo.az”-a bildirib ki, hazırda İran tərəfi ABŞ ilə münasibətləri bu həssas dövrdə daha da gərginləşdirmək niyyətində deyil.

O qeyd edib ki, bu danışıq təklifinin məhz rejim nümayəndələrindən gəlməsi mövcud vəziyyəti yumşaltmaq, ABŞ-nin tələblərini müzakirə etməyə hazırlıq və proseslərə qatılmasını əngəlləmək məqsədi daşıya bilər:
“Ölkə daxilində etirazlarla əlaqədar yaranmış ağır və gərgin ictimai-siyasi vəziyyət rejimin dayaqlarına ciddi təsir göstərir. Məhz bu vəziyyətdən istifadə edərək ABŞ və İsrail proseslərə bu və ya digər formada müdaxilə edə bilər.
Bu da rejimin durumunu daha da mürəkkəbləşdirər. Bu baxımdan, rejim ABŞ ilə dialoqda maraqlıdır. Hesab edirəm ki, danışıqlar təklifinin məhz rejim nümayəndələrindən gəlməsi mövcud gərginliyi yumşaltmaq, ABŞ ilə danışıqlar apararaq onun müəyyən tələblərinin müzakirəsinə hazır olduqlarını nümayiş etdirmək və ən əsası, xarici aktorların proseslərə aktiv müdaxiləsinin qarşısını almaq məqsədi daşıyır”.