AZ

Hüseyn Quliyev: Azərbaycanın süni intellekt dövrünə hazır olmasına töhfə vermək istəyirəm

London, 12 yanvar, AZƏRTAC

Londonda təhsil alan gənc azərbaycanlı Hüseyn Quliyev hazırda Böyük Britaniyanın aparıcı ali təhsil müəssisələrindən biri olan İmperial Kollecində innovasiya, sahibkarlıq və menecment ixtisası üzrə magistratura təhsili alır. O, bundan əvvəl İngiltərənin Lankaster Universitetində biznesin idarə edilməsi üzrə bakalavr dərəcəsi əldə edib.

Süni intellekt və sahibkarlıq sahəsinə xüsusi maraq göstərən Hüseyn Quliyev bu istiqamətdə bilik və bacarıqlarını daim inkişaf etdirir. Gələcəkdə qazandığı təcrübəni praktikaya tətbiq etməklə Azərbaycanın süni intellekt dövrünə hazır olmasına töhfə verməyi əsas hədəf kimi müəyyənləşdirib.

AZƏRTAC Hüseyn Quliyevlə müsahibəni təqdim edir.

– Niyə sahibkarlıq və innovasiya sahəsini seçmisiniz?

– Düşünürəm ki, sahibkarlıq gələcək üçün ən doğru sahələrdən biridir, xüsusilə tələbələr və yeni məzunlar üçün. Dünyada iş yerlərinin azalması müşahidə olunur və süni intellekt bu prosesi daha da sürətləndirir. Məhz buna görə innovativ düşüncə və sahibkarlıq bacarıqları getdikcə daha vacib olur. Magistratura axtarışında olduğum dövrdə artıq öz startapım var idi. Bu startap tələbələr üçün süni intellekti daha ucuz və əlçatan etməyi hədəfləyirdi. Lakin marketinq, maliyyə və struktur problemləri səbəbindən uğurlu olmadı. Bu proqramı seçməkdə məqsədim əvvəl etdiyim səhvləri dərindən analiz etmək və gələcəkdə Londonda və ya Bakıda daha uğurlu startap qurmaqdır.

– Süni intellektin əmək bazarına təsiri sizi narahat edirmi?

– Bəli. Süni intellekt bəzi insanların iş yerlərini əlindən ala bilər və bu, ciddi sosial problemdir. İnsan üçün iş sadəcə gəlir mənbəyi deyil, həm də həyatının mənasıdır. Mən karyeramı məhz bu sualın cavabını tapmağa, süni intellekt dövründə insanın öz yerini necə qoruyacağına həsr etmək istəyirəm.

– Hazırkı dövr startap yaratmaq üçün uyğun zamandırmı?

– Düşünürəm ki, bəli. İndi istər Londonda, istər Bakıda, istərsə də dünyanın istənilən yerində startap yaratmaq üçün ideal vaxtdır. Süni intellekt satışdan marketinqə, müştəri münasibətlərindən analizə qədər hər sahədə kömək edir. Əsas məsələ düzgün problemi tapmaqdır, həll isə artıq mövcud alətlər vasitəsilə mümkündür.

– Startapların uğursuzluq səbəbləri nələrdir?

– Əksər hallarda startaplar səhv problemi həll etməyə çalışır. Bəzən ideya zəif olur, bəzən maliyyə çatışmır, bəzən isə təsisçilər arasında anlaşmazlıq yaranır. Mənim üçün əsas prinsip budur: “Həllə deyil, problemə aşiq olmalısan”.

– Oxuduğunuz proqram sizə nə qazandırır?

– Bu proqram startap qurmaq istəyənlər üçün ideal seçimdir. Burada ideyanın formalaşmasından uğurlu biznesə çevrilməsinə qədər bütün mərhələləri öyrənirik. Dizayn düşüncəsindən başlayaraq düzgün problemin müəyyənləşdirilməsi və ona uyğun həllərin yaradılması üzərində çalışırıq.

– Xaricdə təhsilin sizin üçün ən dəyərli tərəfi nədir?

– İnsanlar. Yeni insanlarla tanış olmaq dünyagörüşünü genişləndirir. Burada başa düşdüm ki, inkişaf üçün çevrə çox önəmlidir və daim öz şəbəkəni genişləndirməlisən.

– Azərbaycan startap ekosisteminin gələcəyini necə görürsünüz?

– Azərbaycanda çox innovativ düşünən, gələcəyi dəyişmək istəyən gənclər var. Süni intellekt bütün dünyada olduğu kimi, Azərbaycanda da böyük dəyişikliklər yaradacaq. Düşünürəm ki, düzgün dəstək və yanaşma ilə Azərbaycan startapları qlobal səviyyədə uğur qazana bilər.

– Gələcək hədəfləriniz nələrdir?

– Məqsədim gələcəkdə Azərbaycanın süni intellekt dövrünə hazır olmasına töhfə vermək və bu sahədə peşəkar şəkildə çalışmaqdır. İstəyirəm ki, həm Londonda, həm Bakıda, həm də qlobal miqyasda süni intellekt sahəsində öz imzamı qoyum.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

 

Seçilən
42
azertag.az

1Mənbələr