AZ

"2026-cı ildə Azərbaycan üçün mühüm və vacib hadisələr baş verəcək" - ŞƏRH EDİLDİ

2026-cı ildə Azərbaycan üçün daxili və xarici siyasətdə mühüm və vacib hadisələr baş verəcək. Mövzu həddindən artıq genişdir. Xarici siyasətdə, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasına nəhayət nail olmalıdır. Gözlənti bundan ibarətdir və o istiqamətdə fəaliyyətini Azərbaycan davam etdirəcək. Orada ciddi bir risk yoxdur". Bu sözləri SİA-ya açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.

Onun sözlərinə görə, böyük dövlətlərlə Azərbaycan münasibətləri əsasən qaydasındadır: "ABŞ-la müttəfiqlik əlaqələri inkişaf etdiriləcək. Çinlə də normal münasibətlər var, xüsusilə də Orta Dəhliz, Zəngəzur Dəhlizi istiqamətində. O sahədə Çinlə üst-üstə düşən maraqlar davam edəcək. Hər şey qaydasındadır. Dəhlizlərlə bağlı vəziyyət şaxəlidir, həm Zəngəzur Dəhlizi, həm də Araz Dəhlizi ilə bağlı işlər aparılır. İranla münasibətlər isə gərgindir və bu il ərzində də yəqin ki, bu gərginlik davam edəcək, hiss olunur ki, bir qədər səngiyib. Amma orada ciddi narazılıqlar və proseslər gedir. Onların qarşısını almaq yəqin ki, mümkün olmayacaq. Vaxtı uzatmaq olar, dayandırmaq olar, amma tam aradan qaldırmaq mümkün deyil. Azərbaycan İranda baş verən prosesləri diqqətlə izləyir, çünki orada 35-40 milyon soydaşımız yaşayır. İran deyilən dövlətin taleyi bizdən asılıdır. Bu da ciddi məsələdir. Oradakı proseslər, xüsusilə də Cənubi Azərbaycandakı milli oyanış, bizim üçün maraqlı və vacibdir. Bu istiqamətdə müəyyən gərginliklər və risklər olacaq. Azərbaycan açıq müdaxilə etmir, amma soydaşlarımıza qarşı ciddi təzyiqlər, qırğınlar olarsa, Azərbaycan sakit durmayacaq. Rusiya ilə münasibətlər də gərgin olaraq qalır. Rusiya geri çəkilmək istəmir, amma artıq zəifdir, təchizatı zəifdir, hətta Ukraynada diqtə edən tərəf kimi çıxış edə bilmir. Oradan da Azərbaycan üçün müəyyən risklər gələ bilər. Azərbaycan bu risklərə hazırdır. Ermənistan tərəfdən də müəyyən təxribatlar ola bilər. Hərçənd ki, Azərbaycan sülh tərəfdarıdır. 2026-cı ilin ortalarında Ermənistanda seçkilər olacaq. Seçkilər dövründə təxribatlar ehtimalı az olsa da, seçkilərdən sonra istər Paşinyan qalsın, istərsə də başqası gəlsin, Azərbaycana qarşı revanşist addımlar atıla bilər. Azərbaycan bu riskləri də nəzərə almalıdır.

Daxildə isə çox böyük və ağır işlər görülür, xüsusilə işğaldan azad olunmuş ərazilərin bərpası. Artıq kütləvi köç prosesi başlayıb, evlər, məktəblər, müəssisələr, infrastruktur inşa olunur. Bu, Azərbaycanın üzərində ciddi yükdür. Eyni zamanda sosial məsələlərlə bağlı cəmiyyətin gözləntiləri var. İşsizlik, dolanışıq problemləri, sosial narazılıq mövcuddur. Kimlərsə deyir ki, problem yoxdur, bu düzgün yanaşma deyil. Dövlət rəhbərliyi tərəfindən sosial sahədə ciddi addımlar atılmalıdır. Siyasi islahatlara da ehtiyac var. Seçki Məcəlləsində dəyişikliklər, inzibati idarəetmə strukturunun təkmilləşdirilməsi, bölgələr üzrə idarəetmə modelinin yenilənməsi gözlənilir. Cənab Prezidentin də dediyi kimi, işğaldan azad olunmuş ərazilərdə tətbiq edilən idarəetmə modelinin digər bölgələrə də tətbiqi mümkündür. Ümumilikdə, 2026-cı il həm daxili, həm də xarici siyasətdə Azərbaycan üçün əhəmiyyətli olacaq və indiyə qədər aparılan işlər gələn il də ardıcıl şəkildə davam etdiriləcək".

Müəllif: Ziya Hikmətoğlu
Seçilən
32
1
sia.az

2Mənbələr