
İranda bir sıra şəhərlərdə hökumət tərəfdarları aksiyalar təşkil ediblər. İştirakçılar ölkədə baş verən qarışıqlıqlara etiraz edirlər.
AFN.az xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb.
Bildirilir ki, aksiyalar Tehran, Bircənd, Zəhədan, Zəncan, İlam, Kerman, Kum, Rəşd, Həmədan və Şəhre-Kord şəhərlərində keçirilib. İştirakçılar hakimiyyəti dəstəkləyən şüarlar səsləndirərək üsyançıların törətdiyi son terror aktlarını pisləyiblər.
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailin üsyançıların terror hərəkətlərində iştirakı ilə bağlı sənədlərin mövcud olduğunu açıqlayıb.
Qeyd edək ki, dekabrın 29-da Tehranda rialın kəskin dəyər itirməsinə etiraz olaraq tacirlər aksiyalara çıxıb, dekabrın 30-da isə tələbələr də aksiyalara qoşulub. Etirazlar ölkənin böyük şəhərlərinə yayılıb. Aksiyalar zamanı 500-dən çox adam ölüb ki, onun da 490-ı etirazçılardır. 10 mindən çox nümayişçi isə həbs edilib.