“Azal təyyarəsinin vurulması ilə bağlı Azərbaycanın qarşısında duran əsas məsələ hadisənin hüquqi-siyasi mexanizmlər çərçivəsində tam şəkildə araşdırılması və Rusiyanın məsuliyyətdən yayınmasının qarşısının alınmasıdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.
Onun sözlərinə görə, Rusiya faktiki olaraq məsuliyyəti qəbul etmədən, yalnız “təhqiqat aparılır” kimi ümumi bəyanatlarla prosesi uzadırsa, bu, beynəlxalq hüququn pozulması deməkdir və Azərbaycan bundan irəli gələn bütün alətlərdən istifadə edə bilər:
”İlk növbədə, Bakı hadisənin müstəqil beynəlxalq ekspertiza ilə araşdırılmasını tələb etməli, ICAO, BMT Təhlükəsizlik Şurası və Avropa Şurası kimi qurumlar qarşısında məsələni qaldırmalıdır. Paralel olaraq, diplomatik notalar, beynəlxalq mediaya açıq məlumatlandırma və hüquqi iddiaların hazırlanması, Azərbaycanın mövqeyinin gücləndirilməsi baxımından vacib addımlardır.
İkinci xətt isə hadisənin ikitərəfli münasibətlərdə yeni balans yaratmasıdır. Rusiya məsuliyyətdən yayınmağa davam edərsə, Azərbaycan hüquqi-siyasi təzyiq alətlərini genişləndirə, o cümlədən, kompensasiya tələbi, təhlükəsiz uçuşların təminatı ilə bağlı yeni mexanizmlər, həmçinin qarşı tərəfin davranışına adekvat diplomatik addımlar ata bilər. Önəmli olan bu prosesin emosional yox, tam hüquqi əsaslarla aparılması və Moskvanın beynəlxalq hüquqa uyğun davranmağa məcbur edilməsidir. Hadisənin cavabsız qalması həm regiondakı hava təhlükəsizliyi üçün presedent yaradar, həm də Azərbaycanın suveren hava məkanının toxunulmazlığı ilə bağlı prinsipial mövqeyini zəiflədər. Buna görə də rəsmi Bakı mövqeyini daha sərt və ardıcıl hüquqi addımlarla davam etdirməlidir”.