AZ

Hansı universitetlərdə imtahanlar elektonlaşacaq? -

Azərbaycanda ali təhsil müəssisələrinin bir hissəsində semestr imtahanları artıq elektron formatda keçirilir. Bununla belə, bəzi universitetlərdə imtahanlar hələ də ənənəvi yazılı formada təşkil olunur. Bəs həmin ali məktəblərdə imtahanların tam elektron formatda keçirilməsi nə vaxt üçün planlaşdırılır? Metbuat.az mövzu ilə əlaqədar universitetlər arasında sorğu keçirib. Azərbaycan Dövlət və Neft Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentindən Elnur Mədətoğlu sorğumuza cavab olaraq bildirib ki, hazırda payız semestrinin imtahan sessiyası keçirilir. Əsas imtahanlar yanvarın 5-dən başlayıb və 30-da başa çatacaq. İmtahanlar ənənəvi formatda – yazılı və yazılı-şifahi şəkildə təşkil olunur: “Elektron formatda imtahanların keçirilməsinə gəlincə, bu modelin gələn semestrdə, yəni yaz sessiyasında tətbiqi nəzərdə tutulur. Böyük ehtimalla, elektron imtahanlar universitetin müəyyən hissəsini əhatə edəcək və imtahan prosesinin böyük əksəriyyətində tətbiq olunacaq. Hazırda isə imtahanlar ənənəvi formatda davam etdirilir, elektron sistemə keçid hələ baş verməyib”. Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) PR və Media bölməsinin rəhbəri Nicat Abdullayev isə bildirib ki, Azərbaycan Memarlıq və İnşaat Universitetində imtahanlar əsasən üç formada keçirilir: test, yazılı və xüsusi qabiliyyət tələb edən fənlər üzrə ənənəvi imtahanlar: “Layihələndirmə, dizayn, heykəltəraşlıq kimi fənlərdə fakültələrdə ənənəvi qaydada imtahanlar təşkil olunur. Test və yazılı imtahanların bir-birini tam əvəzləməsi məsələsi universitetin gündəmində deyil. Bəzi baza fənləri, məsələn, tarix, ingilis dili kimi fənlər test üsulu ilə keçirilir. İxtisas fənləri, xüsusilə dərin bilik tələb edən sahələr – inşaat mühəndisliyi, inşaat konstruksiyaları və oxşar fənlər üzrə isə imtahanlar yazılı formada təşkil olunur. Yazılı imtahanlar tələbələrə biliklərini daha dərindən nümayiş etdirmək və fikirlərini ətraflı ifadə etmək imkanı yaradır”. N.Abdullayev qeyd edib ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti imtahan formaları və qiymətləndirmə meyarları üzrə mütəmadi olaraq dünya təcrübəsini öyrənir: “Universitet Avropa, Amerika və Türkiyənin tərəfdaş ali məktəbləri ilə daimi əlaqədə olaraq onların qiymətləndirmə metodlarını araşdırır və tələbələrin biliklərinin obyektiv, şəffaf şəkildə qiymətləndirilməsi üçün mütəmadi yeniliklər tətbiq edir”. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev sorğumuza cavab olaraq qeyd edib ki, ADPU ölkədə elektron test və elektron imtahan sistemini tətbiq edən ilk ali təhsil müəssisələrindən biri olub: “2006–2016-cı illərdə universitetdə imtahanlar tam elektron formada keçirilib. Lakin tədrisin keyfiyyətinin və qiymətləndirmənin obyektivliyinin artırılması məqsədilə 2016-cı ildən etibarən elektron test sistemindən mərhələli şəkildə imtina olunaraq yazılı imtahan modelinin tətbiqi barədə qərar qəbul edilib. 2016-cı ildə qəbul olunan tələbələr üçün elektron imtahan vermək hüququ saxlanılıb. Onlar könüllü şəkildə istəklərinə uyğun olaraq ya yazılı, ya da elektron imtahan veriblər. Həmin tələbələrin 2019–2020-ci illərdə məzun olmasından sonra isə imtahanlar tamamilə yazılı formada təşkil olunmağa başlayıb. Bu, yalnız həmin qəbul ili üçün istisna təşkil edirdi”. T.Mirzəyev əlavə edib ki, son illərdə bir sıra spesifik fənlər üzrə hibrid imtahanlar da keçirilir: “Fənnin xüsusiyyətindən asılı olaraq, təsviri incəsənət, musiqi, qiraət, ifadəli oxu kimi sahələrdə şifahi imtahanlar, yaradıcılıq tələb edən fənlərdə isə layihə əsaslı qiymətləndirmə tətbiq olunur. Ümumilikdə imtahanlar əsasən yazılıdır, lakin fənnin spesifikasına uyğun olaraq şifahi və tapşırıq əsaslı modellərdən də istifadə edilir. Bu yanaşma tədrisin keyfiyyətinin daha da artırılmasına xidmət edir”. Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Zeynallı bildirib ki, universitetdə hazırda 2025/2026-cı tədris ilinin payız semestrinin qış imtahan sessiyası keçirilir: “İmtahanlar ənənəvi olaraq yazılı formatda təşkil olunur. Elektron imtahan sisteminə keçid bu il nəzərdə tutulmayıb, lakin növbəti ildən mümkündür”. Bakı Avrasiya Universitetinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Ülkər Abdurahmanlı isə bildirib ki, imtahanların təşkili mövcud akademik qaydalara və qiymətləndirmə prinsiplərinə uyğun şəkildə həyata keçirilir. Hazırda universitet üzrə imtahanlar yazılı və test üsulu ilə təşkil olunur: “İmtahanların tam elektron formata keçirilməsi ilə bağlı yaxın dövr üçün hər hansı planlaşdırma nəzərdə tutulmur. Tədris və qiymətləndirmə prosesləri keyfiyyət, şəffaflıq və obyektivliyin təmin edilməsi məqsədilə mövcud formatda davam etdirilir. Təhsil prosesində müasir texnologiyaların tətbiqi, o cümlədən elektron sistemlərin mərhələli şəkildə inteqrasiyası istiqamətində beynəlxalq təcrübə izlənilir və bu sahədə qərarlar müvafiq normativ və texniki əsaslara uyğun olaraq qəbul edilir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
13
1
metbuat.az

2Mənbələr