AZ

Tehran silkələnir: Etirazlar ölkəni iflic edir, Vaşinqton düyməyə basır

Yaxın Şərqdə və Cənubi Qafqazın cənub qonşuluğunda baş verən proseslər Azərbaycanın milli təhlükəsizlik maraqları baxımından daim diqqət mərkəzindədir. İranda müşahidə olunan daxili gərginlik, sosial narazılıqlar və beynəlxalq reaksiyalar yalnız bu ölkənin daxili işi olmaqdan çıxaraq regionda sabitliyə, kommunikasiya xətlərinə və geosiyasi balanslara birbaşa təsir göstərən amilə çevrilib. Bu baxımdan ABŞ və Qərb aktorlarının mövqeyi proseslərin gələcək trayektoriyasını müəyyən edən əsas faktorlardandır.

Siyasi analitik Tural İsmayılov Editor.az-a açıqlamasında bildirib ki, İranda son günlər baş verən kütləvi etirazlar adi sosial narazılıq dalğasından kənara çıxaraq, dövlət idarəetmə modelinin davamlılığına təsir edən ciddi siyasi böhran xarakteri alıb:

“Bu etirazları əvvəlkilərdən fərqləndirən əsas cəhət onların demək olar ki, bütün vilayətləri əhatə etməsi və müxtəlif sosial təbəqələri bir araya gətirməsidir. Bu proseslər fonunda İranın daxili zəifləməsi region ölkələri, o cümlədən Azərbaycan üçün yeni risklər və çağırışlar yaradır. Çünki İran daxilində qeyri-sabitlik onun xarici siyasətdə daha aqressiv və proqnozlaşdırılmaz davranışlarına yol aça bilər. ABŞ isə bu vəziyyəti rejimin davranışlarını cilovlamaq üçün əlavə təzyiq aləti kimi qiymətləndirir”.

Onun sözlərinə görə, Vaşinqtonun əsas istiqaməti artıq genişmiqyaslı iqtisadi sanksiyalardan daha çox, konkret məsul şəxslərin hədəfə alınmasına yönəlib:

“ABŞ administrasiyası ‘Magnitsky Aktı’ çərçivəsində insan hüquqlarının pozulmasında iştirak edən SEPAH üzvləri, təhlükəsizlik strukturlarının rəhbər şəxsləri və məhkəmə sistemində təmsil olunan fiqurlara qarşı fərdi sanksiyaları genişləndirməyi planlaşdırır. Paralel olaraq, informasiya blokadasını aşmaq üçün texnoloji imkanların artırılması və məsələnin BMT kimi beynəlxalq platformalara daşınması İranın diplomatik manevr imkanlarını xeyli daraldır”.

Analitik hesab edir ki, bu yanaşma ABŞ-ın Tehranla bağlı uzunmüddətli strategiyasında ciddi korrektələrə səbəb olub:

“Əgər əvvəlki mərhələdə əsas prioritet nüvə proqramının nəzarət altına alınması idisə, hazırkı mərhələdə Vaşinqton İranı daxili legitimlik böhranı və insan hüquqları pozuntuları fonunda sıxışdırma xəttini seçib. Bu, faktiki olaraq nüvə danışıqlarının arxa plana keçməsi deməkdir. ABŞ üçün indiki mərhələdə Tehranla kompromisə getmək həm regional müttəfiqlər, həm də daxili siyasi auditoriya baxımından məqbul sayılmır”.

Tural İsmayılov əlavə edib ki, İran rəhbərliyinin sərt repressiya siyasəti uzunmüddətli perspektivdə nəticə verməyəcək:

“Qısa müddətdə küçələrdə nisbi sakitlik yaradılsa belə, bu, sosial gərginliyi aradan qaldırmır, əksinə daha dərin narazılıq yaradır. ABŞ-ın strategiyası İranı birbaşa hərbi qarşıdurmaya cəlb etmək deyil, onu iqtisadi, siyasi və diplomatik baxımdan tədricən zəiflətməkdir. Bu isə regionda uzunmüddətli gərginlik riskini artırır. Azərbaycan üçün əsas prioritet bu proseslər fonunda regional sabitliyin qorunması, sərhədlər boyunca təhlükəsizlik risklərinin minimuma endirilməsi və emosional deyil, rasional siyasətin davam etdirilməsidir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
17
editor.az

1Mənbələr