AZ

“İlin gənc müəllimi": “Şagirdlərim artıq mənə qalib gözü ilə baxır”

“Azərbaycan müəllimi” qəzeti və AzEdu.az Təhsil Portalının birgə təşkilatçılığı ilə keçirilən "İlin gənc müəllimi" müsabiqəsi çərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən 10 müəllim qalib seçilib.

Müsabiqə nəticəsində öz fəaliyyəti ilə fərqlənən, eləcə müasir dərs metodları ilə keyfiyyətli və yaradıcı təhsil mühiti yaradan ən yaxşı 10 gənc pedaqoq mükafatlandırılıb.

AzEdu.az “İlin gənc müəllimi” müsabiqəsinin qaliblərinin təəssüratlarını sizinlə paylaşır.

Gülnaz Abbaslının təhsili, müəllimlik fəaliyyəti, şagirdlərlə münasibəti və uğur yolunu sizlərə təqdim edirik.

 - Gülnaz müəllim, oxucularımızın sizi yaxından tanıması üçün özünüzü təqdim edərdiniz.

- Artıq üçüncü ildir ki, Quba rayon Qaraçay qəsəbə tam orta məktəbinin İngilis dili müəllimi kimi  burada fəaliyyət göstərirəm. Həm bakalavr, həm də magistr təhsilimi Azərbaycan Dillər Universitetində almışam. 2014-cü ildə Azərbaycan Dillər Universitetinin bakalavr pilləsinə daxil olmuşam və daha sonra 2019-cu ildə həmin universitetdə magistr təhsilinə başlamışam. Bununla yanaşı, Cambridge-in beynəlxalq müəllimlik üçün olan sertifikatlarını da əldə etmişəm. TKT Model 1, 2 və 3 sertifikatlarım var. Bundan əlavə, bilik və bacarıqlarımı daha da inkişaf etdirmək üçün hazırda İELTS imtahanına da hazırlaşıram. İnşallah, onu da bu il əldə edəcəyəm.

Bu ikinci məktəbimdir ki, burada çalışıram. Demək olar ki, 7- 8 il əvvəl özəl tədris mərkəzlərində işə başlamışam. Son 4 ildir isə məktəbdə fəaliyyət göstərirəm. 2022-ci ildə Sumqayıtda yerləşən məktəbdə müqavilə əsasında İngilis dili müəllimi kimi çalışmışam. 2023-cü ildə isə Quba rayon Qaraçay qəsəbə tam orta məktəbinə gəlmişəm. Çox gözəl bir kollektivdir.

Dərs metodlarınız necədir? Özünüzə məxsus metodlarınız varmı? Şagirdlərə dərsi daha asan və effektiv şəkildə necə öyrədirsiniz?

- Mənim fikrimcə, İngilis dili fənni əsasən danışıq üzərində qurulmalıdır. Öz məktəbli vaxtlarımı xatırlasam, biz daha çox qrammatikaya üstünlük verirdik və demək olar ki, danışıq bacarığımız yox idi. Elə buna görə də universitetə daxil olanda müəllimlərin dediklərini tam anlaya bilmirdim, çünki yalnız testlərə öyrəşmişdim. Hazırda isə dərsliklər dəyişib. Dərsliklər daha çox danışıq yönümlüdür. Təbii ki, yalnız danışıq yox, writing, speaking, "listening" və "reading" - yəni yazı, danışıq, dinləmə və oxu bacarıqlarının hamısının inkişafı üzərində qurulub. Mən də bacardığım qədər bu bacarıqların hər birini şagirdlərdə inkişaf etdirməyə çalışıram.

Danışıq bacarığını dərs saatlarında tam şəkildə inkişaf etdirmək hər zaman mümkün olmadığı üçün məktəbdə şagirdlər üçün conversation day təşkil edirəm. Həmin günlərdə uşaqlar qruplar şəklində İngilis dilində ünsiyyət qura bilirlər. Bəzən onlarla birlikdə İngilis dilində filmlərə də baxırıq. Yəni əsas məqsədim şagirdlərimin danışıq bacarıqlarını inkişaf etdirməkdir. Təbii ki, bu hər zaman asan olmur, amma əlavə  danışıq klubu günləri təşkil edərək onlarla daha çox İngilis dilində ünsiyyətdə oluram.

Dərslərin daha maraqlı və effektiv olması üçün bəzən interaktiv, rollu oyunlar oynayırıq, müxtəlif texnoloji vasitələrdən istifadə edirik, videolara baxırıq. Bu, şagirdlər üçün daha maraqlı olur. Hər gün olmasa da, müəyyən günlərdə bu vasitələrdən istifadə edirik. Uşaqlar üçün filmlərə baxmaq və oyunlar oynamaq çox maraqlıdır və bu, öyrənmə mühitini daha canlı edir.

Uşaqlar oynayaraq öyrənməyi həqiqətən çox sevirlər. Bundan əlavə, dərslərdə texnologiyadan daha çox istifadə etməyə çalışırıq. Düzdür, kənd yeridir və hər zaman imkanlar geniş olmur. Amma yenə də dərs tapşırıqlarını yerinə yetirərkən çalışıram ki, şagirdlər internetdən düzgün istifadə etməyi öyrənsinlər. Məsələn, oxuyacaqları mətnləri, yazacaqları tapşırıqları internetdən istifadə edərək yerinə yetirmələri üçün onları istiqamətləndirirəm ki, daha yaxşı öyrənsinlər.

Düşünürəm ki, artıq bu, yavaş-yavaş öz effektini göstərir. Şagirdlər internetdən necə istifadə edəcəklərini, ondan necə faydalanacaqlarını artıq anlayırlar və biz bu istiqamətdə davam edirik. Çünki uşaqlarda artıq dəyişiklik hiss olunur. Əvvəllər internetdən istifadə etmirdilər, amma indi yavaş-yavaş öyrənirlər.

Gülnaz müəllim, qeyd edirsiniz ki, kənd yerində çalışırsınız. Bəs kənd yerində uşaqların İngilis dilinə marağı necədir? Onlar üçün maraqlıdır, yoxsa bu dili öyrənmək  çətinlik yaradır?

 

-Çətinliklər çoxdur. İlk gəldiyim il daha da çətin idi. Elə şagirdlər var idi ki, oxumağı bilmirdilər, bəziləri isə ümumiyyətlə heç bir dildə düzgün danışa bilmirdilər. Mənim üçün ilk dövrlər çox çətin oldu. Çünki müxtəlif milli azlıqlardan olan şagirdlər var idi: Xınalıqdan olanlar, tat millətindən olanlar, türklər və s.

Bu uşaqlar evdə müxtəlif dillərdə danışırlar: xınalıq dilində, türkcə, tat dilində. Biz isə məktəbdə onlara Azərbaycan dili üzərindən İngilis dili öyrətməyə çalışırıq. Açığı, bu, çox çətin idi. Sözlərin mənasını izah etmək, qrammatikanı İngilis dili vasitəsilə anlatmaq həm müəllim, həm də şagirdlər üçün olduqca çətinlik yaradırdı. Amma düşünürəm ki, son iki il ərzində bu çətinlikləri də böyük ölçüdə aradan qaldırmışıq. Artıq bir-birimizi daha yaxşı anlayırıq, bir-birimizi dinləməyi bacarırıq və ünsiyyətimiz daha asanlaşıb.

Biz əsasən danışıq klublarını həftə sonları təşkil edirik və şagirdlər o günləri səbirsizliklə gözləyərək dərnəyə gəlirlər. Həmin günlərdə danışırıq, müxtəlif oyunlar və məşğuliyyətlər təşkil edirik. Onların həvəsinin 3 ildə  söndüyünü yoxda, daha da artığının şahidi oluram. Öyrənmək prosesi nə qədər çətin olsa da, uşaqların öyrənmək istəyi həqiqətən sonsuzdur.

Bəs "İlin gənc müəllimi" adına layiq görülməyiniz və bu titula sahib olmağın sizə qazandırdığı təcrübələr nələrdir?

 

175932

- Əlbəttə ki, İilin gənc müəllimi olmaq çox gözəl bir duyğudur. Şagirdlərimin gözündə o sevinci görmək, onların bunu qürurla dilə gətirməsi mənim üçün çox dəyərlidir. Koridorlarda hər gün bu sualı verirlər: “Müəllim, doğrudan siz İlin gənc müəllimisiniz?” Hətta bəzən yaşımı soruşurlar. Onlar elə bilir ki, ən azyşalı müəllim olduğumdan belə bir titula sahib olmuşam ( gülür). Bu, onların marağını və sevincini göstərir və bu, çox xoş bir hissdir.

Düşünürəm ki, bu, yaxşı bir nümunədir. Çünki son dövrlərdə həm valideynlər, həm də şagirdlər sosial şəbəkələrdə müəllimlər haqqında  mənfi fikirlərlə qarşılaşırlar. Amma bu mükafat həm valideynlərdə, həm də şagirdlərdə müəyyən mənada bu mənfi düşüncəni bir az da olsa aradan qaldırdı. Artıq insanlar yaxşı nümunələrin də mövcud olduğunu, cəmiyyətdə dəyərli və yaxşı müəllimlərin olduğunu görməyə başladılar.

Bəzən elə hallar olur ki, müəllim olan bəzi insanlar bu peşənin mahiyyətini düzgün şəkildə göstərmirlər və bu da şagirdlərdə müəllimliyə qarşı mənfi rəy formalaşdırır. Elə bil ki, müəllim olmaq yaxşı bir peşə deyilmiş kimi təqdim olunur. Nəticədə isə ürəyində müəllim olmaq arzusu olan bəzi uşaqlar bu fikirdən geri çəkilirlər və müəllim olmaq istəmirlər.

Mən isə həmişə şagirdlərimə deyirdim ki, bu, belə deyil. Onlar soruşurdular: “Müəllim, bəs niyə bu qədər əziyyət çəkirsiniz, amma heç bir dəyər verilmir?” Mən də deyirdim ki, yox, bu dəyər mütləq bir gün görünəcək. İnsanlar bunu zamanla anlayacaq və qarşılığını görəcəksiniz.

Müəllim olmaq çox fərqli və dərin bir duyğudur. Onu yalnız yaşayaraq hiss etmək olar. Bu sevginin yerini heç nə verə bilməz. Məhz bu mükafatdan sonra şagirdlərimə bir növ sübut kimi dedim ki, baxın, müəllimə dəyər verilir, müəllim cəmiyyətdə qiymətləndirilir.

Əlbəttə, cəmiyyətdə elə bir qrup insanlar var ki, müəllimi düzgün qiymətləndirmirlər və ya işini layiqincə görməyən bəzi müəllimlərə görə bütün müəllimlər haqqında mənfi fikir formalaşdırırlar. Amma reallıqda hər bir insan həyatında ən azı bir müəllimə borcludur. Mən də həyatımda çox şeyə müəllimlərim sayəsində nail olmuşam.

İlk müəllimimə, eləcə də həyatım boyu mənə yol göstərən Elnur Paşayevə minnətdaram. Onlar hər zaman mənə inanıb, məni düzgün istiqamətə yönləndiriblər. Düşünürəm ki, hər bir insanın həyatında minnətdar olduğu ən azı bir müəllim vardır. 

Ona görə də biz daim göstərməliyik ki, müəllim dəyərsiz deyil. Bu dəyəri şagirdlərə də ötürməliyik. Çünki müəllim olmaq istəyən çox sayda şagird var, amma bəzən cəmiyyətdəki yanlış yanaşmalar onların həvəsini qırır, arzularını yarımçıq qoyur. Mən istəməzdim ki, bu uşaqların arzuları puç olsun. Düşünürəm ki, bölgələrin, kənd və qəsəbələrin kifayət qədər savadlı və təcrübəli müəllimlərə ehtiyacı var. Niyə də o şagirdlər böyüyüb öz kəndlərinin müəllimi olmasınlar? Niyə mütləq kənardan müəllim gəlsin? Onlar özləri də bunu bacara bilərlər.

Gələcək hədəfləriniz nələrdir?

- Gələcək hədəflərimdən biri şagirdlərimin sərbəst ünsiyyət qura bilməsidir. İstəyirəm ki, onlar fikirlərini rahat şəkildə ifadə etsinlər, özgüvənli olsunlar və cəmiyyətdə sərbəst şəkildə öz yerlərini tapsınlar. Bu, mənim üçün çox önəmlidir.  Digər bir hədəfim isə uzun zamandır arzuladığım İELTS imtahanından uğurla keçməkdir. 

Mən bu məktəbə, bu kəndə məqsədli şəkildə gəlmişəm. Buraya gəlməzdən əvvəl Bakıda bir neçə məktəbdən, hətta Türkiyədə bir kollecdən də təklif almışdım. Amma heç birini qəbul etmədim və məhz buranı seçdim.

Səbəbi istəyirdim ki, bu kəndin uşaqları kənarda qalmasınlar, oxuyub inkişaf etsinlər. Mən bu niyyətlə buraya gəlmişəm və gəldiyim gündən çalışıram ki, uşaqlara düzgün yol göstərim, onların inkişafına dəstək olum. Təbii ki, müəllimin işi təkcə dərs deməklə bitmir. Mən çalışıram ki, onların həm sosial həyatına, həm də şəxsi inkişafına müsbət təsir göstərim. Düşünürəm ki, uğurlu başlamışam və inşallah ki, bu uğuru davam etdirə bilərəm. 

- Kənd məktəbinə ilk gəldiyiniz zaman şagirdlərin sizə münasibəti necə idi? O ilk dərs günlərini necə xatırlayırsınız?

175931

- Şagirdlər üçün bu, çox maraqlı idi. Onlar tez-tez soruşurdular: “Siz Sumqayıtdan gəlmisiniz?”, “Niyə orada qalmadınız?”, “Niyə bura gəldiniz?” Onları ən çox təəccübləndirən məqam məhz bu idi ki, niyə rahat bir yeri qoyub kənd məktəbinə gəlmişəm. Amma bütün bu suallarla yanaşı, hər birinin gözündə böyük bir sevinc və maraq var idi. “Bu müəllim kimdir?”, “Necə dərs deyəcək?”, “Niyə gəlib?” -  bu marağı onların baxışlarından aydın görmək olurdu. Mən də bunu hiss edir və çox sevinirdim.

İlk günlər uşaqların sevgisi o qədər səmimi və gözəl idi ki, bir an belə peşman olmadım. Gəldiyim ilk gündən bu qərarıma görə heç vaxt peşmanlıq hiss etmədim. Çünki həm məktəbin direktoru, həm də kollektiv məni çox səmimi, ailə kimi qarşıladı. Ailəm uzaqda olsa da, şagirdlərin sevgisi bu boşluğu doldururdu.

Valideynlər bəzən müxtəlif səbəblərdən övladlarına sevgilərini və dəstəklərini açıq şəkildə göstərə bilmirlər. Bəzi uşaqlara baxanda hiss edirsən ki, o uşaq diqqət və sevgidən bir az məhrum qalıb. Mən isə düşünürdüm ki, heç olmasa həyatlarında bir müəllim olsun ki, onları sevsin, motivasiya etsin. İstəyirəm ki, sevilməyən uşaq qalmasın. Uşaqlar da bunu hiss edir. Sevgi elə bir duyğudur ki, onu gizlətmək olmur. Nifrət gizlədilə bilər, amma sevgi heç vaxt gizlənmir baxışdan, davranışdan hiss olunur. Uşaqlar anlayırdı ki, mən onları səmimi şəkildə önəmsəyirəm və düşünürəm ki, bu sevgi qarşılıqlıdır. 

Son olaraq, gənc müəllimlərə tövsiyələriniz nədir? Onlar nə etsinlər ki, sizin kimi uğurlu olsunlar, ilin gənc müəllimi seçilsinlər və ya şagirdlərin sevimli müəlliminə çevrilsinlər?

- Düşünürəm ki, bunun üçün ən vacib məsələ həm işini, həm də uşaqları sevməkdir. Universitetdə oxuyarkən pedaqogika və psixologiya müəllimlərimiz bizə hər zaman bunu deyirdilər: “Siz həm peşənizi, həm də uşaqları sevməyi bacarmalısınız". Çünki insan peşəsini sevirsə, nə qədər çətinlik olsa da, o işdə xoşbəxt olmağı bacarır. Müəllimlik yolunda çətinliklər çoxdur, bəzən hətta çox ağır olur. Amma bu sevgiylə görülən bir peşədir və sevgi varsa, bütün çətinliklər aşılır.

Uşaqlarla işləmək, eyni zamanda sənədlər, yazışmalar və digər məsuliyyətlər həqiqətən müəllimlik peşəsini çox çətin edir. Amma buna baxmayaraq, mən heç vaxt müəllim olduğuma görə peşman olmamışam. Bunun əsas səbəbi isə odur ki, mən bu peşəni həqiqətən çox sevirəm. Düşünürəm ki, müəllimlər üçün ən əsas şərt peşəni sevməkdir. Əgər insan öz peşəsini sevirsə, orada uğur qazanmaq mümkündür. Təbii ki, uğur zaman tələb edir. Bir günün, bir ilin, hətta iki ilin içində böyük uğurlar əldə etmək olmur. Şagirdlərdən nəticə almaq uzunmüddətli bir prosesdir və bu yol çox zəhmət tələb edir.

Mən hələ də o günü gözləyirəm ki, şagirdlərimin real nəticələrini görüm, onların rahat şəkildə İngilis dilində danışdıqlarının şahidi olum. Çünki bu yolun hələ başlanğıcındayıq. Hər şey yeni başlayır və qarşıda görüləcək çox iş var. Hər bir müəllim üçün uğurun ilk şərti sevgidir. Maddi və fiziki dəyərlərdən daha çox, mənəvi dəyərlərə önəm vermək lazımdır. Mənim üçün müəllimlikdə əsas olan da məhz budur. Müəllimlik həqiqətən müqəddəs bir peşədir və bu müqəddəs peşəni sevmədən uğur qazanmaq mümkün deyil.

“İlin gənc müəllimi” adına layiq görülmək mənim üçün böyük şərəfdir. Düşünürəm ki, bu müsabiqədə iştirak etməsələr belə, çox sayda uğurlu və bacarıqlı müəllim var. Sadəcə, bəziləri bu müsabiqə barədə məlumatlı olmayıb və ya müraciət etməyiblər. Mənə görə, həm müraciət edən, həm də etməyən bütün bu müəllimlər qalibdirlər  şagirdlərinin və valideynlərinin gözündə qalibdirlər.

İnanıram ki, zamanla əldə etdiyimiz nəticələr hər birimizin həyatında öz yerini tapacaq və biz hamımız öz yolumuzda qalib olacağıq.

175929

Seçilən
19
azedu.az

1Mənbələr