AZ

Ötən il nə qədər neft hasil edilib? 

2025-ci ildə Azərbaycanda 27,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2025-ci il üzrə açıqladığı operativ məlumatlarında deyilir.

Bildirilib ki, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 1,4 milyon ton və ya 4,8 % azdır.

Bildirilir ki, ötən il neft hasilatının 16,2 milyon tonu "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun payına düşüb. Bu, 2024-cü il ilə müqayisədə AÇG üzrə neft hasilatı 0,6 milyon ton və ya 3,6 % azdır.

"Şahdəniz" yatağından 3,8 milyon ton kondensat hasil edilib. Bu isə ötən ilin hasilat göstəricisi ilə müqayisədə 0,4 milyon və ya 9,5 % azdır.

Həmçinin, ötən müddət ərzində 0,6 min tonu (qaz kondensatı) "Abşeron" yatağının payına düşüb ki, bu da illik müqayisədə eynidir.

Ötən il Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 7,1 milyon ton təşkil edib ki, bu da daha əvvəlki ilin göstəricisi ilə müqayisədə 0,4 milyon ton və ya 5,3 % azdır.

Qeyd edək ki, "Abşeron" yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir.

Azərbaycan sahillərindən təxminən 100 km aralıqda yerləşən "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan ilk neft 1997-ci ildə hasil olunub. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Seçilən
29
bakivaxti.az

1Mənbələr