AZ

Azərbaycanın yaşıl enerji strategiyasında YENİ MƏRHƏLƏ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən məqsadyönlü enerji strategiyası  ənənəvi neft-qaz sektorunda ölkəmizin qazandığı təcrübəni bərpaolunan enerji sahəsinə uğurla transfer edərək milli enerji balansının şaxələndirilməsi və “yaşıl inkişaf” modelinin qurulması istiqamətində mühüm nailiyyətlərdəndir. Qaradağ Günəş Elektrik Stansiyası, Biləsuvar və Neftçala günəş layihələri, eləcə də azad edilmiş ərazilərdə formalaşdırılan “yaşıl enerji zonaları” ölkəmizin enerji təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, Azərbaycanın regionda bərpaolunan enerji üzrə lider mərkəzə çevrilmək əzmini aydın şəkildə göstərir. Bu strateji xətt iqtisadi dayanıqlığın gücləndirilməsi, karbon emissiyalarının azaldılması və qlobal iqlim çağırışlarına cavab baxımından Azərbaycanın yeni inkişaf mərhələsinin ideoloji əsasını formalaşdırır.

Bu istiqamətdə aparılan işlərdən biri də Səudiyyə Ərəbistanı “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasıdır. Yanvarın 8-də ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan bu stansiyanın rəsmi açılış mərasimi keçirildi. Dövlət başçımız bu tədbirdə iştirak etdi və çıxışında dövlətimizin enerji siyasəti barədə məlumat verdi.

 Prezident İlham Əliyev yeni açılan külək elektrik stansiyasının ölkəmizin enerji potensialının gücləndirilməsinə əhəmiyyətini vurğulayaraq bunun “ACWA Power” tərəfindən Azərbaycanda inşa edilmiş birinci bərpaolunan elektrik stansiyası olduğunu bildirdi.  

Dövlət başçımız gələcəkdə şirkət tərəfindən həyata keçirilməsi planlaşdırılan layihələrdən də bəhs etdi. Belə ki, ölkəmizdə ilk dəfə inşa ediləcək Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsini də investor kimi  məhz bu şirkət icra edəcək.

Son illər ərzində ölkəmizdə istismara verilən yeni generasiya güclərindən də bəhs edən dövlətimizin başçısı bu prosesdə “Power China” şirkətinin də əhəmiyyətini vurğuladı. Hazırda şirkət bu layihədə podratçı kimi fəaliyyət göstərsə də digər nəzərdə tutulan layihələrdə investor kimi də iştirak edəcək.

Prezident İlham Əliyev Azərbaycan energetiklərinin əməyinin əhəmiyyətindən də danışdı. Növbəti illərdə bərpaolunan enerji stansiyalarının Azərbaycanda tikintisi çox geniş vüsət alacağından  energetiklərimizin fəaliyyəti daim yüksək səviyyədə olmalıdır. Gələcəkdə bərpaolunan enerji növlərinin yaradılması ilə daha çox xarici investorlar məşğul olacaqlar. Bununla belə, Azərbaycan şirkətləri də bu məsələyə maraq göstərirlər və artıq bir neçə Günəş elektrik stansiyasının tikintisinə də başlayıblar.

Çıxışı zamanı dövlət başçımız son illərdə  Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi, inkişafını dövlətimizin əsas prioritetlərdən biri kimi qiymətləndirdi. Aparılan genişmiqyaslı işlər nəticəsində  son 20 ildə enerji sistemimiz, generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənmiş, generasiya gücləri əvvəlki dövrlə müqayisədə üç dəfə artaraq təxminən 10 min meqavayta çatmışdır.

 Ötən il Mingəçevirdə yeni elektrik stansiyasının açılması ölkəmizdə ənənəvi generasiya gücləri ilə bərpaolunan generasiya güclərinin fəaliyyətinin parallel şəkildə aparılmalı olduğunu göstərdi. Keçən il Mingəçevirdə istismara verilmiş ənənəvi elektrik stansiyasının generasiya gücü təxminən 2000 meqavayta bərabərdir. Dövlət başçımızın da vurğuladığı kimi, ölkəmiz enerji təminatı, enerji təhlükəsizliyi nöqteyi-nəzərindən böyük potensiala malikdir.  Artıq istismara verilmiş 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası, 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası, hazırda işğaldan azad edilmiş Cəbrayıl rayonunda ümumi potensialı 340 MVt gücə malik olan Şəms, Üfüq, Şəfəq Günəş Elektrik Stansiyaları ölkəmizin enerji sahəsindəki potensialının ən yaxşı nümunələridir. 

Növbəti böyük stansiyaların açılışı isə Biləsuvarda, Neftçalada, Naxçıvanda və işğaldan azad edilmiş ərazilərimizdə planlaşdırılır.  Cənab prezidentin də vurğuladığı kimi ölkəmizin coğrafi vəziyyəti istənilən bölgəmizdə bərpaolunan enerji növlərini istehsal etməyə şərait yaradır. Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı isə beynəlxalq qiymətləndirməyə görə 157 giqavat səviyyəsindədir. Şübhəsiz ki, yaxın gələcəkdə Azərbaycan bölgənin çox etibarlı və böyük generasiya gücünə malik ölkəsi olacaq.

  Hazırda ölkəmizdə maliyyə vəziyyəti çox müsbətdir, bu sahədə aparılan islahatlar, əldə edilmiş uğurlar dünyanın aparıcı reytinq agentlikləri tərəfindən də qiymətləndirilir, bu gün bizim kredit reytinqimiz daha da artırılaraq investisiya və müsbət proqnozu olan reytinq səviyyəsinə qaldırılıb. Bu da, ölkəmizə 300 milyard dollardan çox xarici sərmayə cəlb etməyimizlə nəticələnib. Bununla belə, valyuta ehtiyatlarımız xarici borcu 16-17 dəfə üstələyir və bu göstərici Azərbaycanı dünya miqyasında aparıcı ölkələrdən birinə çeviribdir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bütün bu amillər  Azərbaycana qoyulan sərmayənin sadəcə xeyir və mənfəət gətirəcəyinin göstəricisidir. Ölkəmizdə siyasi, iqtisadi və social sabitliyin höküm sürməsi, beş ildir ki sülh şəraitində yaşamağımız, genişmiqyaslı quruculuq işlərinin aparılması Azərbaycanın sərmayə qoyuluşu üçün çox əlverişli məkan olmasının göstəriciləridir.

Dövlət başçımız gələcəkdə bərpaolunan enerjinin potensialının artması ilə əlaqədar görülən işlərdən də bəhs etdi. Belə ki, hazırda ölkəmizdə ilk dəfə Batareya Enerji Saxlanc Sistemi yaradılır.  250 MVt gücündə olan birinci layihəni “AzərEnerji” öz vəsaiti hesabına icra etməkdədir.Generasiya gücləri ilə bağlı imzalanmış kontraktlar əsasında isə 2030-cu ilə qədər altı, 2032-ci ilə qədər isə, ümumiyyətlə, 8 giqavat gücündə külək və Günəş elektrik stansiyaları inşa ediləcək. Son beş il ərzində Qarabağda və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına inşa edilmiş 40-a yaxın kiçik su elektrik stansiyasının ümumi potensialı 300 MVt- dan çoxdur. Azad edilmiş ərazilərdə potensial su elektrik stansiyalarının xəritəsi tərtib edilib və təqribən 500- 600 MVt gücündə kiçik su elektrik stansiyalarının inşası planlaşdırılır. Bu layihəyə əsasən, hazırda bütün ölkə, o cümlədən azad edilmiş ərazilər vahid şəbəkə ilə birləşdirilib və enerji axınının istənilən istiqamətə göndərilməsi və qəbul edilməsi təmin olunubdur.

Nəticə etibarilə, Azərbaycanın bərpaolunan enerji strategiyası təkcə iqtisadi inkişafın yeni mərhələsini deyil, eyni zamanda ölkənin uzunmüddətli enerji təhlükəsizliyinin və dayanıqlı gələcəyinin təminatını formalaşdırır. Xarici investorlarla qurulan etibarlı tərəfdaşlıq, hüquqi sabitlik və dövlətin prinsipial mövqeyi Azərbaycanın qlobal enerji bazarında mövqelərini daha da möhkəmləndirir. Bu gün qoyulan hər bir sərmayə, həyata keçirilən hər bir layihə sabahın güclü, müasir və yaşıl Azərbaycanının təməlini yaradır. Azərbaycanın enerji siyasəti bir daha sübut edir ki, ölkəmiz yalnız regionun deyil, bütövlükdə dünyanın enerji təhlükəsizliyində strateji rol oynayan məsuliyyətli və etibarlı dövlətdir.

Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası  Milli Məclisinin Sədr müavini

Seçilən
13
ikisahil.az

1Mənbələr