Bankların mobil tətbiqləri üzərindən sifariş edilən rəqəmsal (digital) kartlar vətəndaşların həyatını asanlaşdırsa da, onların ləğvi və tam bağlanması zamanı müəyyən problemlər ortaya çıxır. Xüsusilə ölkə xaricində olan müştərilər üçün bu məsələ daha da çətinləşir.
AzPost-a müraciət edən vətəndaş bildirib ki, ABB Mobile tətbiqi vasitəsilə digital kart əldə edib, lakin hazırda kartı tamamilə ləğv etdirmək istəyir. Səbəb isə sadədir: kartdan istifadənin gündəlik xırda xərclərə yol açması və şəxsi maliyyə intizamının pozulması. Müştəri kartın silinməsi üçün bankla əlaqə saxladıqda isə ona filiala yaxınlaşmağın vacib olduğu bildirilib. Problem ondadır ki, vətəndaş hazırda ölkə xaricindədir və fiziki olaraq bank şöbəsinə getmək imkanı yoxdur.
Məsələ ilə bağlı ABB-nin rəsmi mövqeyində qeyd olunur ki, “Onlayn qaydada kartın yalnız blok edilməsi mümkündür, tam ləğvi üçün isə filiala müraciət olunmalıdır. Müştəri özü filiala yaxınlaşa bilmədiyi halda, ABB-nin təqdim etdiyi ‘Həvalə et’ xidməti vasitəsilə digər şəxsə bank hesabları üzərində sərəncam vermək mümkündür.”
Bank nümayəndəsinin sözlərinə görə, “Həvalə et” xidməti ABB Mobile tətbiqində “Daha çox” → “Bank xidmətləri” → “Həvalə et” bölməsi vasitəsilə aktivləşdirilə bilər. Bu zaman müştəri etibarnamə verdiyi şəxsə bank hesabları və kartlarla bağlı əməliyyat aparmaq səlahiyyəti verir və həmin şəxs filialda kartın ləğvini həyata keçirə bilər.
Bəs qanunvericilik bu barədə nə deyir?
Azərbaycan qanunvericiliyinə əsasən, bank hesabı və bank kartı müştərinin şəxsi maliyyə aləti sayılır. Banklar təhlükəsizlik və risklərin qarşısının alınması məqsədilə kartın tam bağlanması üçün şəxsiyyətin fiziki identifikasiyasını tələb edə bilərlər. Bu, xüsusilə kredit limiti olan və ya borc riski yarada bilən kartlara şamil edilir. Rəqəmsal kartlar da hüquqi baxımdan adi plastik kartlarla eyni statusa malikdir.
Ekspertlər bildirir ki, bloklama ilə ləğv eyni anlayış deyil. Bloklama kartdan istifadənin müvəqqəti dayandırılmasıdır, lakin kart bank sistemində aktiv olaraq qalır. Ləğv isə kartın hüquqi və texniki olaraq tam bağlanması deməkdir. Məhz bu səbəbdən banklar ləğv prosesində əlavə yoxlamalar aparır.
Qeyd edək ki, bankların rəqəmsal xidmətləri genişləndirdiyi bir dövrdə, rəqəmsal kartların ləğvi üçün də tam onlayn mexanizmlər yaradılmalıdır. Əks halda, xüsusilə xaricdə yaşayan vətəndaşlar üçün bu kimi hallar həm maliyyə, həm də psixoloji narahatlıq yaradır.