Hazırda Bakı şəhəri üzrə 43 min 76 avtomobilə buraxılış kartı verilib. Gündəlik reysə çıxan taksilərin sayı isə cəmi 23 min civarındadır. Bu da o deməkdir ki, bazarda artıqlaması ilə taksi var, yəni taksiyə olan tələbat tam ödənilir.
Bu barədə FED.az biznes və maliyyə xəbərləri portalının sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Qeyd edilib ki, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişindaşımaları üçün verilən icazələrin əlavələrinin (buraxılış kartlarının) say həddi 25 000 (iyirmi beş min kvota) ədəd müəyyən edilib. Kvota ilə bağlı müraciət ərizələrinin qəbulu vaxtı 30 dekabr saat 23:59-da bitib. Bu aydan etibarən müraciətlərin qeydiyyatı və baxılması növbəlilik gözlənilməklə və şəffaflıq təmin edilməklə həyata keçiriləcək.
Növbəlilik sırası gücləndirilmiş imza (elektron imza) ilə göndərilən elektron ərizənin tarix və vaxtına görə müəyyən edilir. Növbədə olan nəqliyyat vasitələrinin sayı haqqında məlumatı AYNA-nın saytından əldə etmək mümkün olacaq. Saytda, həmçinin buraxılış kartı qüvvədə olan nəqliyyat vasitələrinin sayı və kvotada yaranan boş yer barədə məlumatlar yer alacaq.
“Kvotada boşalan yer sayı növbədə duran şəxsin nəqliyyat vasitələrinin sayından az olduqda növbə çatdıqda kvotadakı boş yer sayı qədər nəqliyyat vasitəsinə buraxılış kartı veriləcək, yerdə qalan nəqliyyat vasitələrinin növbədə qalması davam edəcək. Növbədəki müraciətlərə ardıcıllıqla baxılacaq. Bir növbəyə baxılma bitmədikdə növbəti növbədəki müraciət ilə bağlı sistem üzərindən qərar qəbul edilməsi mümkün olmayacaq”, - deyə məlumatda bildirilib.
Bazarda taksi sayı çox olduğundan kvotada yer boşalması vaxt tələb edəcək.
Məlumatda qeyd edilib ki, buraxılış kartlarının sayının bir neçə səbəbdən azalması, yəni mövcud buraxılış kartlarının ləğv olunması mümkündür:
1. Buraxılış kartının müddəti bitəndə;
2. Nəqliyyat vasitəsinin mülkiyyətçisi dəyişəndə;
3. Sahibkar qanunvericiliyin tələblərini pozanda;
4. Öz istəyi ilə sahibkarliq fəaliyyətinə xitam verdikdə;
Onu da qeyd edək ki, bazarda taksi sayı çox olduğundan (43 min taksi var) kvotada yer boşalması vaxt tələb edəcək. Son müraciət tarixindən sonra göndərilən müraciətlər sistemdə gözləməyə düşür və yer azad olduqda növbəlilik prinsipi ilə buraxılış kartı üçün müraciətlərə baxılacaq.
Yəni taksi sayının indiki 43 mindən kvotada nəzərdə tutulan 25 minə enməsi bir neçə il çəkə bilər.