AZ

ABŞ-ın neft qaçaqmalçılığının qarşısını alması qiymətin yüksəlməsinə səbəb olub

Bakı, 12 yanvar, Rabil Kətanov, AZƏRTAC

Ötən həftə Venesuela hadisələri fonunda ABŞ Prezidenti Donald Trampın kəskin bəyanatları və xüsusilə də 50 milyon barel neft alacağını bildirməsi dünya bazarında neftin qiymətinə güclü təsir etmədi. Lakin ABŞ-ın sahil mühafizə qüvvələrinin Karib dənizində “Bella-1” və “Olina” tankerlərini saxlaması birjalarda neftin qiymətinə təsir göstərdi. London birjasında mart ayı üçün verilən sifarişlərdə (fyuçer) “Brent” markalı neftin 1 barelinin qiyməti 63,02 dollara yüksəldi.

Dekabrın 8-dən bu günə kimi “Brent” markalı neftin 1 barelinin qiyməti bu qədər artmamışdı (artım 1,66 faiz təşkil edib). Bununla yanaşı WTI markalı neftin də 1 barelinin qiyməti 0,9 faiz artaraq 58,28 dollara satıldı. Azərbaycanın “Azeri Light” markalı neftin 1 barelinin qiyməti isə 66 dollara kimi yüksəldi.

Qiymətlərin artmasının səbəbi ABŞ-ın Rusiya və Venesueladan nefti gizli satan tankerləri həbs etməsi və bazara əlavə neftin daxil olmasının qarşısını almasıdır. Ötən həftə ABŞ-ın hərbi gəmiləri Rusiya neftini daşıyan “Bella-1” tankerini saxlayaraq ekipajını həbs edib. Rusiyanın təkidlərinə baxmayaraq, ABŞ rəsmiləri ekipaj üzvlərinin məhkəmə qarşısında cavab verəcəklərini bildiriblər. ABŞ Ədliyyə Nazirliyinin məlumatında nəzərə çatdırılıb ki, bu tankerin əvvəlki adı “Marinera" olub və o neft qaçaqmalçılığı ilə məşğul olaraq sanksiya normalarını pozub və buna görə də məsuliyyətə cəlb olunacaq.

“Bella-1” gəmisi ilə qalmaqal başa çatmamış ABŞ hərbi dəniz qüvvələri Karib dənizində daha 2 tankeri saxlayıb. Honkonqda qeydiyyatdan keçmiş “Tontye Peur” şirkətinə məxsus olan “Olina” tankeri Rusiya neftini, “M Sophia” tankeri isə Venesuela neftini ABŞ sanksiyalarından yayınaraq qaçaqmalçılıq yolu ilə daşıyırdılar. Hər iki tankerdə 320 min ton neft aşkar edilib.

“The New York Times” qəzetinin yazdığına görə, ABŞ-ın hərbi dəniz qüvvələri Rusiya və Venesuela neftini gizli daşıyan 16 tankeri təqib edir. Bu tankerlərdə ümumilikdə 9,4 milyon barel neftin olması haqqında məlumat var. Müəyyən olunub ki, neft qaçaqmalçılığı ilə məşğul olan “Veronika” adlı tanker təqibdən yaxa qurtarmaq üçün adını dəyişərək “Galileo” qoyaraq Timor Adaları bayrağı ilə üzməyə başlayıb. Karib dənizi və Atlantik okeanını nəzarətdə saxlayan ABŞ qaçaqmal olan neftin sifarişçisi və alıcısını hələlik müəyyən etməyib. Araşdırma aparılır.

“Fujitomi Securities” investisiya şirkətinin analitiki Mitsuri Muraşı “Reuters” agentliyinə bildirib ki, qiymətlərin yüksəlmə səbəbi bazara əlavə neftin daxil olmasının qarşısının alınmasıdır. Tələbin sabit qaldığı dönəmdə təklifin azalması qiymətin artmasına gətirib çıxarır ki, bu da sadəcə olaraq bazarın dəyişməz tələb və təklif qanunundan asılıdır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, tankerdəki neft bazara qanunsuz çıxarılır. Deməli sifariş verən şirkət və ya neftayırma zavodu, hətta dövlət sifarişi birjaya deyil, ofşor zonada qeydiyyatdan keçən şirkətə verib.

Bir sıra analitiklər hesab edirdilər ki, Venesuelanın idarəçiliyi ABŞ-a keçdikdən sonra dünya bazarında neftin qiymətində kəskin eniş olacaq. Lakin bu baş vermədi və qiymətlər 59-60 dollar ətrafında cərəyan etdi. Venesuelanın neft sənayesini dirçəltmək üçün milyardlarla dollar sərmayə və zaman lazımdır. İstismarı dayandırılan quyuların yenidən işə salınması üçün külli miqdarda vəsait lazım gəlir. Məhz elə bu səbəbdəndir ki, Rusiya hasil etdiyi nefti 15-20 dollara satmağa razıdır ki, quyular bağlanmasın. ABŞ Prezidenti açıq şəkildə Venesuela neftini idarə edəcəyini bəyan edib. Bununla yanaşı onu da nəzərə çatdırıb ki, Venesuelada neft hasilatını bərpa etmək üçün 18 ay vaxt lazımdır.

Beynəlxalq Enerji Agentliyinin hesabatına əsasən, bu ilin birinci rübü ərzində dünya bazarında neftin 1 barelinin qiyməti 58-60 dollar arasında olacaq.

 

Seçilən
35
1
azertag.az

2Mənbələr