AZ

Türkiyədə qış sərtləşir: 41 vilayətdə qar və fırtına üçün sarı xəbərdarlıq

Türkiyənin Meteorologiya Baş İdarəsi gündəlik hava proqnozunu açıqlayıb.
ONN media xəbər verir ki, məlumata görə, Türkiyənin 41 vilayətində qar, güclü külək və leysan səbəbilə sarı kodlu xəbərdarlıq edilib.
Proqnoza əsasən, ölkə üzrə hava əsasən çoxbuludlu olacaq. Şimal Egey sahilləri, Çanaqqala, Van və İğdır istisna olmaqla digər bölgələrdə yağıntılar gözlənilir. Sahil bölgələrində yağış və leysan, daxili və yüksək ərazilərdə isə qarla qarışıq yağış və qar yağacağı bildirilir.
Bəzi bölgələrdə – xüsusilə Şərqi Aralıq dənizi, Antalyanın şərqi, Şərqi və Cənub-Şərqi Anadolunun qərbi, eləcə də Samsun, Ordu, Tokat, Trabzon və ətraflarında yağıntıların yerli olaraq güclü olacağı qeyd olunur.
Gecə və səhər saatlarında Marmara, daxili və şərq rayonlarda buzlanma və şaxta gözlənilir. Şərqi Qara dənizin və Şərqi Anadolunun yüksək, maili ərazilərində isə qar uçqunu riski var.
Küləyin Marmara və Şimal Egey sahillərində şimal-şimal-şərqdən, Şərqi və Cənub-Şərqi Anadoluda isə cənubdan güclü, qısamüddətli fırtına şəklində əsəcəyi bildirilir.
Səlahiyyətlilər vətəndaşları nəqliyyatda çətinliklər, sel, su basqını, damların uçması, ağacların aşması və zəhərlənmə risklərinə qarşı ehtiyatlı olmağa çağırır.

Seçilən
10
onn.az

1Mənbələr