ABŞ prezidenti adanın təhlükəsizliyinin faktiki olaraq mövcud olmadığını iddia edərək ironik açıqlama verib...
Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Qrenlandiyanın müdafiə imkanları barədə istehzalı açıqlama ilə çıxış edib. O, jurnalistlərlə təyyarədə söhbəti zamanı bildirib ki, adanın müdafiəsi cəmi iki it xizəyindən ibarətdir. Açıqlama Ağ Evin YouTube kanalında yayımlanıb.
“Bilirsinizmi, onların müdafiəsi nədən ibarətdir? İki it xizəyi”, deyə Tramp jurnalistlərə müraciət edib.
ABŞ prezidentinin sözlərinə görə, bu fonda Qrenlandiya Rusiya və Çinə məxsus esmineslər və sualtı qayıqlarla əhatə olunub, bu isə regionda təhlükəsizlik risklərini artırır.
Donald Tramp daha əvvəl dəfələrlə bəyan edib ki, ABŞ bu və ya digər formada Qrenlandiyanı əldə edəcək. O, Venesuelada keçirilən Amerika əməliyyatından sonra yenidən vurğulayıb ki, Qrenlandiya ABŞ-nin milli təhlükəsizliyi üçün zəruridir və Vaşinqton bu məsələni strateji prioritet kimi qiymətləndirir.
Qrenlandiya və Danimarka hakimiyyətləri isə Trampın bu açıqlamalarını sərt şəkildə tənqid ediblər. Onlar ABŞ prezidentinin sözlərini birbaşa suverenliyə təhdid kimi dəyərləndirib və Vaşinqtondan bu cür ritorikaya son qoymağı tələb ediblər. Rəsmi Kopenhagen və Nuuk açıq şəkildə bildiriblər ki, adanın anneksiyası ilə bağlı hər hansı müzakirə mövzusu belə ola bilməz.
Poliqon.info