"İranda baş verənlər bütün region üçün uzunmüddətli təsirləri ola biləcək mürəkkəb və çoxşaxəli bir böhrandır".
Bunu Hafta.az-a politoloq Rəşad Bayramov İranda baş verən hadisələrin qonşu ölkələrə, xüsusən Azərbaycana, regiona təsirləri ilə bağlı şərhində bildirib.
R.Bayramov qeyd edib ki, bir neçə gün davam edən etiraz aksiyaları ölkə daxilində dərinləşən sosial-iqtisadi və siyasi böhranın növbəti təzahürü kimi qiymətləndirilir:
“İlkin mərhələdə iqtisadi tələblər - yüksək inflyasiya, milli valyutanın dəyərdən düşməsi, işsizlik və əhalinin alıcılıq qabiliyyətinin kəskin azalması ilə bağlı başlayan etirazlar qısa müddətdə daha geniş siyasi məzmun qazandı. Bu isə prosesin lokal narazılıq deyil, sistemli problemlərdən qaynaqlandığını göstərir. Mövcud etiraz dalğasının əsas xüsusiyyəti onun coğrafi baxımdan geniş yayılması və sosial bazasının rəngarəngliyidir. Göründüyü kimi, aksiyalar təkcə paytaxt Tehranla məhdudlaşmadı, ölkənin müxtəlif bölgələrini, o cümlədən etnik azlıqların kompakt yaşadığı əraziləri də əhatə etdi. Bu amil İran hakimiyyəti üçün riskləri daha da artırır. Çünki sosial-iqtisadi narazılıqların etnik və regional çalar qazanması mərkəzdənqaçma meyillərini gücləndirə bilər”.
R.Bayramov bildirib ki, baş verənlərin əsas hərəkətverici qüvvəsinin daxili amillər olduğu açıq görünsə də, şübhəsiz ki, xarici təsir də öz sözünü deyir. “Uzunmüddətli sanksiyalar, qeyri-səmərəli iqtisadi idarəetmə, sosial ədalətsizlik və islahatlara müqavimət cəmiyyətdə yığılan narazılığı kritik həddə çatdırıb. Qərb ölkələrində fəaliyyət göstərən müxalif qrupların, ayrı-ayrı xüsusi xidmət orqanlarının informasiya və siyasi dəstəyi isə etirazların beynəlxalq gündəmdə saxlanılmasına və ideoloji çərçivəsinin genişlənməsinə təsir göstərir. Başqa sözlə desək, xarici təsir daxildəki prosseslərin inkişafında və böyüməsində katalizator rolunu oynayır”, - politoloq qeyd edib.
R.Bayramov hesab edir ki, İranda baş verənlər region ölkələri üçün də diqqətlə izlənilməli prosesdir. Onun fikrincə, xüsusilə Azərbaycan baxımından bir neçə mühüm risk və təsir istiqaməti mövcuddur:
“İlk növbədə, sərhədyanı bölgələrdə sabitliyin pozulması ehtimalı artır. İranda milyonlarla azərbaycanlının yaşadığı nəzərə alınsa, sosial gərginliyin bu bölgələrdə intensivləşməsi miqrasiya təzyiqləri, humanitar risklər və təhlükəsizlik çağırışları yarada bilər. Azərbaycan üçün əsas prioritet sərhədlərin təhlükəsizliyinin qorunması və proseslərin daxili sabitliyə mənfi təsirinin qarşısının alınmasıdır.
Geosiyasi baxımdan isə İranın daxili problemlərə fokuslanması onun regional aktivliyini zəiflədə və Cənubi Qafqaz da daxil olmaqla yaxın coğrafiyada yeni balans axtarışlarına yol aça bilər. Bu, həm risklər, həm də müəyyən diplomatik imkanlar formalaşdırır.
Gözləntilərə gəldikdə, yaxın perspektivdə İran hakimiyyətinin sərt təhlükəsizlik tədbirləri ilə etirazları nəzarət altına almağa çalışacağı ehtimalı yüksəkdir. Lakin struktur problemlər həll olunmadıqca bu cür dalğaların təkrarlanması qaçılmaz görünür"-politoloq deyib.
Tahirə Qafarlı