AZ

Dəmir çatışmazlığının əlamətlərinələrdir?

Dərinin solğunlaşması, xüsusilə dodaqlarda göyərmə, dırnaqların kövrəkləşməsi, saç tökülməsi, eləcə də təbaşir, buz və torpaq yemək istəyi orqanizmdə dəmir çatışmazlığının klinik əlamətləri ola bilər.

Redaktor.az xəbər verir ki, bu barədə gazeta.ru-ya terapevt, profpatoloq Svetlana Burnatskaya məlumat verib.

Həkimin sözlərinə görə, solğunluq təkbaşına dəmir çatışmazlığını göstərən əsas əlamət hesab edilmir və digər şikayətlərlə – halsızlıq, təngnəfəslik, başgicəllənmə, ürək döyüntülərinin artması ilə birlikdə qiymətləndirilməlidir. Bu kimi simptomlar iki həftədən artıq davam edərsə, mütləq həkimə müraciət edilməli, ferritin səviyyəsi də daxil olmaqla ümumi qan analizi verilməlidir.

Təhlükəli əlamətlər sırasında daimi yorğunluq, diqqətin azalması, ağız kənarlarında çatlar, dad hissinin pozulması (təbaşir, buz, torpaq yemək istəyi, “pika” fenomeni), yüngül fiziki yüklənmədə belə təngnəfəslik, taxikardiya, dəri və saçların quruluğu qeyd olunur. Bu əlamətlərin bol menstrual dövrü olan qadınlarda və xroniki qastroenteroloji xəstəliklərdən əziyyət çəkən şəxslərdə müşahidə edilməsi xüsusilə narahatedicidir.

Mütəxəssis bildirib ki, xroniki stress, yuxusuzluq və həyat tempinin yüksək olması da dəmirin mənimsənilməsinə mənfi təsir göstərir. Kortizol hormonunun artması mədə və onikibarmaq bağırsağın selikli qişasının keçiriciliyini pozur, duz turşusunun ifrazını azaldır. Halbuki duz turşusu dəmirin orqanizm tərəfindən mənimsənilən formaya keçməsi üçün vacibdir.

Həkim qeyd edib ki, yüngül dərəcəli dəmir çatışmazlığı zamanı, ağır anemiya olmadıqda, qidalanmanın korreksiyası kifayət edə bilər. Dəmir baxımından ən zəngin məhsullara mal əti qaraciyəri, dil, mal əti, istridyə, mərcimək, qarabaşaq, balqabaq tumu və küncüt daxildir. Laborator analizlə təsdiqlənmədən dəmir tərkibli preparatların qəbulu tövsiyə edilmir, çünki dəmirin artıq miqdarı toksikdir və oksidativ stress yarada bilər. Bununla belə, payız və qış aylarında profilaktik olaraq ümumi qan analizi və ferritin səviyyəsinin yoxlanılması məqsədəuyğun sayılır.

Nuriyyə NATİQQIZI

Seçilən
57
redaktor.az

1Mənbələr