Bakıda kafedə bayram günü 2 nəfəri qətlə yetirməkdə təqsirləndirilən Arif Bəhərçiyevin barəsindəki qərardan kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmədə araşdırılacaq.
O, cəzasının yüngülləşdirilməsini istəyir.
Qeyd: Hadisə 2023-cü ilin dekabrın 31-də paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən kafedə baş verib. 2001-ci il təvəllüdlü Arif Bəhərçiyev iaşə obyektlərindən birində aralarında yaranmış mübahisə zamanı 1968-ci il təvəllüdlü Namiq Orucov və 1981-ci il təvəllüdlü Ramil Səfərovu öldürməkdə təqsirləndirilir.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.3 (zərəçəkmiş şəxsi ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Arif Bəhərçiyevə 20 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, ona təyin edilmiş cəza 1 il azaldılıb. Arif Bəhərçiyevə qəti olaraq 19 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Kamal Məmmədov