AZ

Şirin quyruğunun altından Azərbaycana qarşı xütbə oxuyanlar hardadır? – Aqil Ələsgər yazır

İranda molla rejiminin çökməsi ehtimalı artıq siyasi təxmin yox, real ssenari kimi müzakirə olunur. Rəsmi Tehranın prossesləri silah gücü ilə çözməyə çalışması vəziyyəti daha da gərginləşdirib. Təhlükəsizlik mütəxəssisləri ölü sayının 80-100 nəfərə çatacağı təqdirdə, rejimlərin ayaqda qalmasının çətin olacağını söyləyirlər. İran üzrə açıqlanan rəsmi rəqəmlər 500 nəfərdən çox olduğunu göstərsə də, qeyri-rəsmi rəqəmlər ölü sayının mini keçdiyini deyir. Hər halda Tehran, Ərdəbil və digər şəhərlərdən gələn videolarda ölü sayının minlərlə olduğu yönündədir və bu da domino effektini tətikləyir ki, bu da İran üçün çox çətin bir prossesin başlandığının xəbərçisidir. Bu mövzu diqqətəlayiq olsa da, bu dəfə İranla bağlı başqa bir mövzuya toxunmaq istəyərdik. 
Bu rejim gedərsə, illərdir din donu geyindirib Azərbaycana qarşı açıq siyasi düşmənçilik aparanların aqibəti necə olacaq? Bu sual təsadüfi deyil. Çünki bu gün susub siçan deşiyi axtaranlar dünən minbərlərdən Azərbaycanı hədəf alır, dövlətimizin suverenliyini mübahisə mövzusuna çevirirdilər.
Biz bunları yaddan çıxartmamalıyıq. Sabah “biz elə deməmişdik”, “yanlış anlaşıldıq” deyə maska dəyişməsinlər deyə. Çünki düşmənçilik unudulanda təkrar olunur.
Din pərdəsi arxasında gizlənən siyasi xətt
İran molla rejimi illər boyu dini institutları regionda təsir və təzyiq alətinə çevirib. Azərbaycan bu strategiyanın əsas hədəflərindən biri olub. Məqsəd dəyişməyib: dünyəvi, milli və müstəqil Azərbaycan dövlət modelini sarsıtmaq, onu ideoloji və siyasi baxımdan İrana bağlamaq.
Bu xətt təsadüfi bəyanatlarla yox, planlı mexanizmlər və konkret fiqurlar üzərindən yürüdülüb.
Azərbaycana qarşı açıq mövqe tutan fiqurlar
Bu şəxslər tək-tək danışan din xadimləri yox, vahid ideoloji mərkəzdən idarə olunan siyasi xəttin icraçıları idi:
Seyyed Hassan Ameli, Naser Makarem Şirazi, Ahmad Xatami, Kazem Seddiqi, Gholamreza Gholizadeh və Mohammad Javad Haj Ali Akbari.
Bu İranda nüfuz sahibi olan adların hamısı bir nöqtədə birləşirdi: Azərbaycanın dövlətçiliyi onların xütbə mövzusuna çevrilmişdi. Milli qərarlarımız “dini yanlışlıq” adı ilə hədəfə alınırdı.
“Kərimə dövləti”: uydurma ad, real plan
Və bu adların da xeyir-duası ilə “qurulan” ‘Kərimə dövləti”ni də unutmalalıyıq. Bu, İran Kəşfiyyat Nazirliyinin Azərbaycan üzrə mərkəzində hazırlanmış süni layihə idi. Adın Qurani-Kərimlə səsləşdirilməsi isə sırf çaşdırma və manipulyasiya məqsədi daşıyırdı.
media-img_0746
Açıq teokratik rejim planları iflasa uğrayandan sonra Tehran yarımteokratik–yarımdemokrat hibrid modelə keçdi. Məqsəd əvvəlki kimi idi, sadəcə forma dəyişmişdi.
Layihənin sahə üzrə əsas icraçısı Tovhid İbrahimbəyli idi. Qumda yetişdirilmiş bu radikal ünsür ideoloji baxımdan sərt xəttə bağlı idi və yeni ssenarinin yerli icrasında əsas rol oynayırdı. Onun ətrafında formalaşan şəbəkə dini çağırışları siyasi itaət mexanizminə çevirməyi hədəfləyirdi.
Azərbaycan İslam Müqavimət Hərəkatı və “Hüseyniyyun”: ideologiyadan əməliyyata
Azərbaycana qarşı fəaliyyət təkcə xütbələr və bəyanatlarla məhdudlaşmayıb. İran paralel olaraq əməliyyat xarakterli strukturlar formalaşdırıb. Bu xəttin mərkəzində “Azərbaycan İslam Müqavimət Hərəkatı” anlayışı və onun ən radikal ifadəsi olan Hüseyniyyun dayanırdı.
Adlar dini hərəkat təsiri bağışlasa da, mahiyyət etibarilə söhbət SEPAH xətti ilə qurulmuş təxribat mexanizmindən gedirdi. Məqsəd cəmiyyətdə qorxu və xaos mühiti yaratmaq, dövlət institutlarına etimadsızlığı dərinləşdirmək idi. Zərurət yaranacağı halda ideoloji müstəvidən çıxıb birbaşa zorakılıq ssenarilərinə keçid üçün infrastruktur hazırlanmışdı.
Qasim Süleymani xətti və regional ssenarilər
media-img_0740
Qasim Süleymani və Tovhid İbrahimbəyli
Bu strukturlar SEPAH-ın Qüds Qüvvələri ilə əlaqələndirilirdi. Həmin xəttin uzun illər rəhbəri olmuş Qasim Süleymani regionda tətbiq etdiyi modelləri Cənubi Qafqaz üçün də uyğunlaşdırmağa çalışırdı. Livan, İraq və Suriyada dini ideologiya “müqavimət” adı ilə qurulub sonradan silahlı şəbəkəyə çevrildiyi kimi, Azərbaycan üçün də oxşar ssenarilər masada idi.
Açıq mənbələrdə və regional təhlükəsizlik analizlərində müəyyən dövrlərdə ictimai-siyasi fiqurlara qarşı təhdid mühiti yaratmaq, dini mərasimlərdən istifadə etməklə kütləvi qarşıdurma riskləri formalaşdırmaq, diplomatik obyektlər ətrafında təxribat ssenarilərini yoxlamaq niyyətlərinin nəzərdən keçirildiyi qeyd olunur. Bu, dini çağırış yox, klassik təhlükəsizlik planlaması idi.
İranın çoxxətli ideoloji oyunu: şiə kartı ilə yanaşı sünni xəttin istismarı
Vacib və çox zaman diqqətdən yayınan həqiqət ondan ibarətdir ki, İran Azərbaycana qarşı ideoloji təsir siyasətini yalnız şiə xətti üzərindən qurmayıb. Tehran paralel şəkildə sünni kontingenti də öz planlarına cəlb etməyə çalışıb.
media-img_0745
Mustafa İslamoğlu
Bu məqsədlə Türkiyədən olan, zahirən sünni xəttə mənsub kimi təqdim edilən fiqurlar Azərbaycana gətirilib, onların üzərindən sünni mühitdə İran əleyhinə sərt mövqelərin yumşaldılması hədəflənib. Bu kontekstdə adı hallanan fiqurlardan biri Mustafa İslamoğlu olub. Onun ritorikasında İranla birbaşa qarşıdurmadan yayınma, “ümumi İslam birliyi” kimi anlayışların qabardılması təsadüfi deyildi. Bu səbəbdən də Bakıya məhz bir müddət öncə ölkəmizdən deport edilən Ocaq Nejatın dəvəti ilə gəlmişdi.
Ən kritik məqam isə bu xəttin radikal dini fiqurlarla süni şəkildə eyni nöqtədə birləşdirilməyə çalışılması idi. Xüsusilə Əlixan Musayev kimi sərt çıxışları ilə tanınan şəxslərlə ideoloji yaxınlaşdırma cəhdləri məqsədli idi. Burada əsas hədəf Azərbaycanda İrana qarşı ən barışmaz mövqedə duran sələfi xəttini ya parçalamaq, ya da neytrallaşdırmaq idi. Bu, dini dialoq yox, geosiyasi və ideoloji mühəndislik idi və o da iflas etdi. O zaman da “Yeni Çağ” bu məsələni gündəmə gətirmişdi. İslamoğlunun Azərbaycan planı məhz bizim yazılarımızdan sonra uzun müddət təxirə salınmışdı. Əgər o proyekt baş tutsaydı, Azərbaycanda əhli-sünnə kontingent arasında iranpərəst sünni “Həmas”-ixvan modeli aktivləşdiriləcəkdi.
Daxili dayaq olmadan bu planlar mümkün deyildi
Bu ssenarilərin heç biri Azərbaycandakı daxili uzantılar olmadan işləyə bilməzdi. İranyönlü radikal dini çevrələr, dini-siyasi aksiyaları “insan haqları” adı ilə beynəlxalqlaşdıran bəzi çevrələr və şəxsi ambisiya naminə milli maraqları qurban verən fərdlər bu planların daxili dayaqları idi. Cəmiyyətin sərt reaksiyası və dövlətin qəti mövqeyi bu xətti iflasa uğratdı.
Nəticə və son söz: yaddaş məsuliyyətdir
Azərbaycan xalqı İran rejiminin mahiyyətini yaxşı tanıyır; regiondakı destruktiv rol, Ermənistanla münasibətlər və İranda yaşayan azərbaycanlıların durumu unudulmayıb. 44 günlük Vətən Müharibəsindən sonra milli birlik daha da möhkəmləndi. Nəticədə “Kərimə dövləti” layihəsi bağlandı, Qumdakı mərkəzdən “dayandırın” əmri gəldi və səslər kəsildi. Hazırda Azərbaycana qarşı şirin quyruğunun altından səslənənlərin hamısının səsi kəsilib. Ancaq…
Rejimlər gedə bilər, mərkəzlər dağılabilir, fiqurlar susa bilər. Amma yaddaş itərsə, təhlükə qayıdar. Azərbaycana qarşı düşmənçilik unudulmur. Bizim suverenliyimiz, torpaqlarımız və yolumuz nə Qumun, nə Tehranın, nə də onların daxildəki uzantılarının xütbə mövzusu deyil.
Aqil Ələsgər
Seçilən
16
yenicag.az

1Mənbələr