AZ

Qiymət vitrində başqa, kassada başqa – alıcı necə aldadılır? » AzadMedia.az


Alıcı aldadılması bu gün tək-tük hal yox, bəzi ticarət şəbəkələrində sistemli problemə çevrilib. Xüsusilə vitrində göstərilən qiymətlə kassada tələb olunan məbləğin fərqli olması istehlakçı hüquqlarının ən çox pozulan formalarından biridir.
Belə hallardan biri “Avrora” şirkətlər qrupuna daxil olan “Tamstore” marketlər şəbəkəsində qeydə alınıb. Hadisə jurnalist Emin Səfərovun başına gəlib. O, “Tamstore”dan yer fıstığı alarkən vitrində göstərilən qiymətlə kassada çıxan qiymət arasında 7 qəpik fərq olduğunu müşahidə edib.
Məsələ qəpik söhbəti deyil. Problem ondadır ki, bu cür qiymət uyğunsuzluqları alıcıların əksəriyyəti tərəfindən gündəlik bazarlıq zamanı fərq edilmədən ötürülür. Nəticədə marketlər şəbəkəsini idarə edənlər hər alıcıdan 50 qəpik, 1 manat, bəzən daha çox məbləği mənimsəməklə gün ərzində əhəmiyyətli həcmdə haqsız qazanc əldə edirlər. Üstəlik, jurnalistin sözlərinə görə, bu, “Tamstore”da ilk belə hal deyil.
Hüquqi baxımdan isə məsələ birmənalıdır. Bu hal Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinin tələblərinin pozulması hesab olunur. Qanunvericiliyə əsasən, alıcıya təqdim edilən qiymət dəqiq və dəyişməz olmalıdır. Əgər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi faktı protokollaşdırsa, “Tamstore”u 4 min manatadək cərimə gözləyir.
Bu cür hallar təkcə bir marketin yox, ümumilikdə istehlak bazarında nəzarət mexanizmlərinin gücləndirilməsinə ehtiyac olduğunu göstərir. Alıcılara isə qiymət etiketinə diqqət yetirmək, kassa qəbzini yoxlamaq və hüquqları pozulduğu halda müvafiq qurumlara müraciət etmək tövsiyə olunur.
Bu gün 7 qəpik kimi görünən fərq, sabah minlərlə alıcının cibindən çıxan milyonlara çevrilə bilər.
Seçilən
19
1
azadmedia.az

2Mənbələr