İngiltərə nəhəngləri "Blekburn Rovers"in gənc ulduzu İqor Tayjonu heyətinə qatmaq üçün mübarizəni kəskinləşdiriblər.
Fanat.Az "Sun Sport" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" rəqibi "Arsenal"ı qabaqlayaraq 17 yaşlı hücumçunu transfer etmək niyyətindədir.
London təmsilçisi 2024-cü ilin yayından bəri gənc oyunçu üçün bir neçə dəfə 1 milyon funt-sterlinqdən yuxarı təklif göndərsə də, "Rovers" rəhbərliyi bu müraciətləri geri çevirib.
Cari mövsümdə gənclər liqasında sərgilədiyi oyunla diqqət çəkən Tayjon, çıxış etdiyi son 8 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Mançester Yunayted" skautlarının uzun müddətdir izlədiyi futbolçunun hücumun hər iki cinahında və mərkəzdə oynamaq qabiliyyəti "qırmızı şeytanlar" üçün əsas cəlbedici amildir.
"Blekburn"un gənc forvardı satmaq üçün artıq 5 milyon funt-sterlinq civarında təzminat tələb etdiyi bildirilir.
Kamil Xudiyev