AZ

“Xankəndi”də “saraydaxili çevriliş! - Uzunca olmayan akademiyaya əlaqələndirici getdi!

İkinci liqanın şərikli liderlərindən “Xankəndi” yanvarın 6-da sosial şəbəkə hesabında maraqlı xəbər yaydı.

Belə məlum oldu ki, qarşılıqlı razılıq əsasında baş məşqçisi vəzifəsindən ayrılan İbrahim Uzunca “Xankəndi Futbol Akademiyası”nda uşaq futbolu üzrə əlaqələndirici vəzifəsinə təyin olunub. Türkiyəli mütəxəssis klubun uşaq futbolunun inkişafı və akademiya sisteminin formalaşdırılması istiqamətində fəaliyyət göstərəcək. Və “Xankəndi”nin yeni baş məşqçisinin kimliyi ilə bağlı yaxın günlərdə ictimaiyyətə əlavə məlumat veriləcək.

Yaranandan bəri yalnız bir məğlubiyyəti olan komandanın baş məşqçisinin vəzifəsindən ayrılması, təbii ki, suallar doğurur. Belə vəzifə dəyişikliyi qətiyyən inandırıcı görünmür.

İşlər yaxşı getdiyi vaxtda nəyə görə bu qərar verildi? Bununa bağlı əvvəlcə Uzuncanın fikrini öyrəndik:
“Sözün düzü, mən istədim. Akademiya qurulacaq. Bununla bağlı böyük işlər görmək lazımdı. Yüksək liqalara futbolçu yetişdirmək istəyirik. Bu da zaman alacaq prosesdi. Buna görə də həmişə komandanın yanında ola bilməyəcəkdim. Komandaya yenə də dəstəyimi göstərəcəm. Gələcək baş məşqçi kim olacaqsa, ona da əlimdən gələn köməyi edəcəm. Tək hədəfimiz çempionluqdu. Kimin baş məşqçi olacağını bilmirəm. Azərbaycanda istedadlı, savadlı uşaqlar var. Onlarla məşğul olmaq lazımdı. Təməli olmayan bina tez çökər. Klubun təməli olmalıdı. O vaxt “Bakı”da da belə işləyirdik. Gözəl nəticələrimiz var idi. Mahir Emreli də göz qabağındadı. Belə nümunələrimiz çoxdu”.
Baş məşqçinin mövcud olmayan akademiyada çalışmasının nə dərəcədə yerinə düşməsiylə bağlı şübhələrimiz davam etdiyinə görə klub rəhbərliyi ilə də əlaqə saxlamağı lazım bildik. Bəlkə rəhbərlik ilk dövrədə “Qaradağ Lökbatan”a uduzan Uzuncanı növbəti dəfə eyni aqibəti yaşamasından qorxur? Axı qış fasiləsindən dərhal sonra məhz 2-ci liqanın liderləri üz-üzə gələcək. Şübhələrə aydınlıq gətirmək üçün klubun lisenziyalaşdırma üzrə meneceri Rəşad Babayevlə əlaqə saxladıq:
“Biz futbol klubuyuq. Öz strukturumuz var. Bu strukturda uşaq futbolu da nəzərdə tutulub. Müəyyən struktur var. Hazırda işləyirmi? Xeyr. Amma biz bu struktura rəhbər təyin etmişik ki, formalaşsın, sıfırdan qurulsun. Klubumuzun strukturundan xəbəriniz olmaya bilər. Departamentlərimiz var. Bunlardan biri də akademiyadı. Bunun formalaşması prosesi yeni başlayır. Xankəndi şəhərinə köçəndə bu proses daha fəal gedəcək. Hansı şəhərə aidiksə, orda da bu işləri görmək istəyirik. Prosesi sürətləndirmək üçün rəhbərlik olaraq qərar verdik ki, vaxtilə “Bakı”nın akademiyasında uğurlu olan İbrahim Uzunca bu istiqamətdə bizə daha çox fayda verə, ciddi yardım göstərə bilər. Yeni baş məşqçi ilə bağlı konkret heç nə yoxdu. Bir neçə təcrübəli məşqçi ilə danışıqlar gedir”.
MÜZƏFFƏR QULUZADƏ
Seçilən
27
1
football-plus.az

2Mənbələr