AZ

“Fənərbaxça” ilin ilk transferini reallaşdırdı

Oğuz Aydın Rusiyaya yollanmaqdan imtina etdi
“Fənərbaxça” ilə bağlı son transfer xəbərlərini diqqətinizə çatdıraq.

"Football-plus.az"ın məlumatına görə, İstanbul nəhəngi ilin ilk keçidini reallaşdırıb. “Samsunspor”lu Entoni Musabanın qalmaqallı transferinin artıq rəsmən baş tutduğunu bildirək.

“Fənər” “Samsunspor”a 5,7 milyon avroluq sərbəstqalma maddəsini ödəyərək 25 yaşlı niderlandlı vingerlə 4,5 illik, yəni 2030-cu ilə qədər müqavilə imzalayıb. Samsun təmsilçisi bu futbolçunu mövsümün əvvəlində çempionşip təmsilçisi “Şeffild Uensdey”dən cəmi 750 min avroya transfer etmişdi. Musaba həm də “Samsunspor” tarixinin ən baha qiymətə satılan futbolçusuna çevrilib. Əvvəlki rekord 2000-ci ildə “Qalatasaray”a 5 milyon avroya satılan Sərkan Aykuta məxsus idi.

Musabanın transferdən sonra ilk açıqlamasında “Fənər”i Türkiyənin ən böyük klubu adlandırması diqqəti çəkib. Maraqlıdı ki, Musaba debüt oyununu sabiq klubuna qarşı keçirə bilər. Bu gün “Fənər” superkubokda “Samsunspor”la qarşılaşacaq və bu futbolçunun adı iştirak ərizəsinə salınıb.

Bu arada PSV-nin və Niderland yığmasının üzvü Cou Veermanın transferinin baş tutmadığını bildirək. Halbuki dekabrın sonlarında Türkiyə mətbuatı “sarı-lacivərdlilər”in bu keçidi tamamladığını iddia edirdi. Hətta transferin 23 milyon avroya başa gəldiyi də bildirilirdi. İndi isə həqiqəti Veermanın dilindən eşidək:
“PSV-də qaldığıma görə sevinc içindəyəm. “Fənərbaxça”ya transferimin baş tutmamasının səbəbləri var. Sonda mən özüm transferdən vaz keçdim. Düzdü, bu qərar bir qədər vaxt apardı. Bəzi səbəblər bəllidi. Bəzilərini isə özümdə saxlayıram. Onlarla ilk təmasımızdan bəri üç həftəyə yaxın vaxt keçib. Bu müddət ərzində bəzi şeylər yaşandı. Bəzi şeylər isə olmadı. Nəticə etibarilə mən də vaz keçmək qərarına gəldim. “Brentford”a keçidimin alınmaması isə bir qədər fərqli durumdu. Çünki bu transferə PSV özü razılıq vermədi. “Fənər” məsələsində isə mən özüm imtina etdim. Yəni ortada iki fərqli durum var”.

Belə görünür, Veermanın “Fənər”in başına açdığı oyunu Oğuz Aydın da ÇSKA-nın başına açmaq qərarına gəlib! İstanbul nəhəngində heç cür əsas heyət üzvünə çevrilə bilməyən bu vingerin Rusiyaya transferi rəsmiləşmək üzrə idi. Hətta keçidin detalları da bəlli olmuşdu. Moskva klubu müqaviləyə daimi transfer maddəsi salınmaq şərti ilə Türkiyə yığmasının üzvünü 650 min avroya icarəyə götürməyi planlaşdırırdı. Oğuz Aydın yeni klubunda cəmi 6 rəsmi oyuna çıxacağı təqdirdə “hərbçilər” “Fənər”ə daha 6 milyon avro ödəyərək onu daimi əsasda transfer etməli olacaqdı. Oğuzun ən qısa müddətdə Moskvaya yollanaraq tibbi müayinədən keçəcəyi gözlənilirdi ki, yeni sürpriz olaylar yaşandı.

Əvvəlcə Oğuzun hələ son qərarını vermədiyi və düşünmək üçün vaxt istədiyi xəbəri gəldi. Sonra isə onun Rusiyaya yollanmaqdan imtina etdiyi məlum oldu! DÇ-2026-da iştirak etmək istəyən Aydının fikrincə, Rusiyada yetərincə göz önündə olmayacaq. Amma ÇSKA rəsmiləri hələ də ondan əlini üzməyib. Son xəbərlərdə rusların bu transfer üçün yenidən futbolçu ilə görüşəcəyi bildirilir.

Qeyd edək ki, 25 yaşlı oyunçuya “Trabzonspor” da ciddi maraq göstərir. Ancaq iki klub arasındakı soyuq münasibətlər və fanatların etirazı üzündən “Fənər” istedadlı futbolçunu Trabzona göndərmək istəmir.
Seçilən
15
football-plus.az

1Mənbələr