BAKI, 11 yanvar. TELEQRAF
İran Prezidenti Məsud Pezeşkian dövlət televiziyasına müsahibəsində ölkədəki son iğtişaşlar, iqtisadi problemlər və xarici müdaxilələrlə bağlı geniş açıqlama verib.
Teleqraf xəbər verir ki, dövlət başçısı dinc etirazlarla terror xarakterli iğtişaşlar arasında kəskin fərq qoyaraq, baş verənlərin xarici qüvvələr tərəfindən idarə olunduğunu bildirib.
Prezident bazarların bağlanmasına və sahibkarların etirazlarına toxunaraq, hökumətin bu məsələyə həssaslıqla yanaşdığını vurğulayıb:
"Bazarları bağladılar, etiraz etdilər. Mən şəxsən daxili işlər, sənaye və ticarət nazirlərinə tapşırıq verdim ki, onlarla görüşsünlər. Daha sonra bu binada həmin sahibkarlarla özüm görüşdüm, qayğılarını dinlədik, razılaşmalar əldə etdik. Hökumət iclasında da onların narahatlıqları müzakirə olundu. Biz qəti qərara gəlmişik ki, bu insanların problemlərini mümkün olan hər yolla həll edək".
Pezeşkian bildirib ki, düşmənlər mövcud iqtisadi çətinliklərdən sui-istifadə edərək ölkəni qarışdırmağa cəhd edirlər:
"Düşmənin 12 günlük müharibədəki məqsədi və iradəsi ölkəmizi xaosla üz-üzə qoymaq idi. İndi də bizim iqtisadi müdaxilələrimiz fonunda bu narahatlıqları şiddətləndirmək istəyirlər. Daxildə və xaricdə bir qrup təlimatlandırılıb, xaricdən ölkəyə terrorçular daxil edilib".
İğtişaşlar zamanı törədilən vəhşiliklərdən danışan Prezident sərt ifadələr işlədib:
"Məscidə od vururlar, Rəştdə bazarları və ticarət obyektlərini yandırırlar. Bu mədəniyyətə sahib olan cəmiyyətdə belə hərəkətlər qəbuledilməzdir. Müsəlman xalqımız bu cür adamların cəmiyyət içində olmasını qəbul etməz. Bir qrupu tüfənglə, digərlərini avtomatla öldürdülər, insanları yandırdılar, başlarını kəsdilər. Bunlar xalq deyil, bunlar bu ölkəyə aid deyillər. Bu ölkənin vətəndaşı etiraz edər, biz də onun etirazını dinləyər və həll edərik".
Sonda İran Prezidenti vətəndaşları ayıq-sayıq olmağa çağırıb:
"Xahiş edirəm, hər məhəllədə insanlar birləşsin və iğtişaşçılara imkan verməsinlər. Bizim vəzifəmiz xalqın narahatlığını aradan qaldırmaqdır, lakin daha ali vəzifəmiz bir qrup iğtişaşçının cəmiyyəti alt-üst etməsinəimkan verməməkdir. Ailələrdən xahiş edirəm, qoymayın gəncləriniz baş kəsən, adam öldürən bu terrorçulara qarışsınlar. Bir gecədə bankı, yanğınsöndürən maşını, ictimai nəqliyyatı, məscidi, insanların evini yandırmaq etiraz deyil".