AZ

Almaniyada sol ekstremistlərə və radikal iqlim fəallarına qarşı tədbirlər sərtləşdiriləcək

Berlin, 11 yanvar, AZƏRTAC

Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt Berlində elektrik şəbəkəsinə qarşı törədilən hücumdan sonra sol ekstremistlərə və radikal iqlim fəallarına qarşı tədbirlərin sərtləşdiriləcəyini açıqlayıb.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, nazir təhlükəsizliyin prioritet olduğunu qeyd edərək, ekstremistlərin fəallaşmasına imkan verilməyəcəyini bildirib.

Tədbirlər paketinə kəşfiyyat xidmətləri üçün əlavə heyətin cəlb olunması, rəqəmsal səlahiyyətlərin artırılması və infrastrukturun qorunmasını gücləndirəcək qanun layihələrinin hazırlanması daxildir. Əsas diqqət enerji şirkətləri, hava limanları və digər mühüm infrastruktur obyektlərini təxribat, terror və təbii fəlakətlərdən qorumağı nəzərdə tutan qanun layihəsinə yönəlib. Qanuna əsasən, həmçinin operatorlar potensial fasilələr üçün qabaqlayıcı tədbirlər görməlidirlər.

Xatırladaq ki, ötən həftə Berlinin Şteqlits-Zelendorf rayonunda kabel körpüsündə törədilmiş yanğın nəticəsində 45 min ev və 2200 müəssisə bir neçə gün ərzində elektriksiz qalmışdı.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
73
1
azertag.az

2Mənbələr