GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“ABŞ Prezidenti Donald Trampın təlimatıyla Venesuela Prezidenti Nikolas Maduronun oğurlanması və Ağ Ev sahibinin “mənim beynəlxalq hüquqa ehtiyacım yoxdur, nəyi doğru bilirimsə, onu da edirəm” səpgili açıqlaması Rusiyanın hakim və ekspert dairələrində oxşar tezisinin müzakirəsinə səbəb olub”.
Globalinfo.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Rusiya siyasətçiləri və ekspertləri arasında “Rusiya da ABŞ kimi ətrafında bildiyini etməyə başlaya bilərmi” sualı ətrafında müzakirələr başlayıb:
“Yəni onların fikrincə, Vaşinqtonun “Monro doktrinası” varsa, Kremlin də ya oxşar doktrinası olmalı, ya da mövcud təhlükəsizlik doktrinası ciddi şəkildə korrektə edilməlidir. Halbuki, Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarından çox əvvəl “beynəlxalq hüquqa” riayətdən imtina edib. Rusiyanın 2008-ci ildə Gürcüstana qarşı müharibəsi, 2014-cü ildə Krımı ilhaqı və 2022-ci ildə Ukraynanın şərqini işğal etməsi bunun bariz nümunəsidir. Ancaq Kremlə bu azdır”.
Politoloq qeyd edib ki, Mərkəzi Asiya və Cənubi Qafqaz ABŞ və Avropa İttifaqı (Aİ) ilə siyasi və iqtisadi əlaqələri genişləndirmək yolunu tutub:
“Kremlə yaxın bir qrup ekspert hesab edir ki, ABŞ-ın “Monro doktrinasına” zidd olaraq Avrasiya qitəsinə, o cümlədən sürətlə Mərkəzi Asiyaya və Cənubi Qafqaza nüfuz etməsinə qarşı Rusiya müqavimət göstərməlidir. Bunu deyənlər Rusiyanın hansı resurslar hesabına qonşu ölkələri siyasi, iqtisadi və hərbi orbitinə daxil edəcəklərini izah edə bilmirlər. Digər tərəfdən, Rusiyaya qonşu olan ölkələr Ukraynaya qarşı işğalçı müharibədən dərslərini alıblar.
Bölgə ölkələrinin ABŞ və Avropa İttifaqı ilə müqavilələr imzalamalarına paralel olaraq, Çinin Avrasiya bölgəsində artan rolu, Türk dövlətləri arasında inteqrasiya proseslərinin sürətlənməsi, Türkiyə-Azərbaycan ittifaqı, o cümlədən “Tramp yolu”nun (Zəngəzur dəhlizi) yaxın gələcəkdə həyata vəsiqə qazanması Rusiyanın özünə uyğun “Monro doktrinasının” reallaşması imkanlarını minimuma endirir. Buna baxmayaraq, Rusiyaya qonşu olan heç bir ölkə müdaxilə təhlükəsindən sığortalanmayıb. Bu məqsədlə Rusiyaya qonşu olan ölkələrin öz aralarında ittifaqları gücləndirməsinə ehtiyac var”.
Günel Cəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.