Son illərdə qlobal maliyyə arxitekturasında ən mühüm strateji dəyişikliklərdən biri kimi qiymətləndirilən proses fonunda iri həcmdə qızıl ehtiyatları sürətlə Şərqə - “Qızıl əjdaha”ya (Çinə) doğru yönəlir.
Publika.az xəbər verir ki, bu barədə Çin "Baijiahao" nəşri yazır.
Çin gömrük məlumatlarına əsasən, 2025-ci ilin ilk 11 ayında Çin Rusiyadan rekord həcmdə - 1,9 milyard dollar dəyərində qızıl alıb. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə təxminən doqquz dəfə çoxdur. Xüsusilə oktyabr və noyabr aylarında Rusiyadan Çinə qızıl ixracı müvafiq olaraq 930 milyon və 961 milyon dollar təşkil edərək aylıq rekordlar müəyyənləşdirib. Bu rəqəmlər beynəlxalq maliyyə dairələrində ciddi rezonans doğuraraq, Pekinin dəyişən qlobal şəraitdə başladığı dərin transformasiya proseslərinə işarə edir.
Qızıl ticarətinin sürətlə artmasına iki ölkənin maraqlarının üst-üstə düşməsi şərait yaradıb. Dünyada qızıl hasilatına görə ikinci yerdə qərarlaşan Rusiya (illik hasilat 310 tondan çoxdur) sanksiyalar səbəbindən ənənəvi Qərb bazarlarına, xüsusilə London bazarına çıxışını itirib və yeni satış kanalları axtarmağa məcbur qalıb. Eyni zamanda Çin uzunmüddətli strategiya çərçivəsində dövlət qızıl ehtiyatlarını ardıcıl şəkildə artırır.
Çin Xalq Bankının məlumatına görə, 2025-ci ilin oktyabr ayının sonuna ölkənin rəsmi qızıl ehtiyatları 12 ay fasiləsiz artımdan sonra 74,09 milyon troya unsiyasına (təxminən 2304 ton) çatıb. Sanksiyalar fonunda Rusiya qızılının beynəlxalq bazarla müqayisədə daha ucuz olması Pekin üçün xüsusilə əlverişli alış imkanları yaradıb. "Societe Generale" maliyyə qrupunun analitikləri Çinin 2025-ci ildə faktiki olaraq 250 tona qədər qızıl ehtiyatı artırmış ola biləcəyini istisna etmirlər.