HƏMAS-ın tərksilahdan imtinası və mövqelərini gücləndirməsi Təl-Əvivdə narahatlıq yaradır...
Poliqon xəbər verir ki, İsrail Qəzza zolağında yeni hərbi əməliyyata başlama ehtimalını nəzərdən keçirir. Buna səbəb anklavın bir hissəsinə hələ də nəzarət edən HƏMAS qruplaşmasının mövqelərini möhkəmləndirməsi və tam şəkildə silahı yerə qoymaqdan imtina etməsidir. Bu barədə Wall Street Journal (WSJ) İsrail və ərəb ölkələrinin hökumət dairələrindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, 2025-ci ildə əldə olunmuş atəşkəsin əsasını təşkil edən ABŞ prezidenti Donald Trampın planına əsasən, HƏMAS-ın döyüşçüləri tam tərksilah olunmalı idi. Lakin WSJ-nin yazdığına görə, qruplaşma yalnız ağır silahların qalıqlarından imtina etməyə razıdır, lakin atıcı silahları təhvil verməkdən qəti şəkildə boyun qaçırır. Mənbələrin iddiasına əsasən, HƏMAS-ın əlində təxminən 60 min ədəd atıcı silah var ki, bu da qruplaşmada qalan döyüşçülərin sayından təxminən üç dəfə çoxdur.
Bundan əlavə, atəşkəsdən sonra maliyyə vəziyyətini xeyli yaxşılaşdıran HƏMAS üzvlərinə müntəzəm maaş ödənişlərini bərpa edib. Bu amil qruplaşmanın sıralarına yeni döyüşçülərin cəlb olunmasını asanlaşdırır. Eyni zamanda HƏMAS müharibə zamanı dağıdılmış infrastrukturu yenidən qurur, o cümlədən sığınacaqların və yeraltı tunellərin bərpası həyata keçirilir.
Mövcud şəraitdə İsrail rəhbərliyi yeni hərbi əməliyyata hazırlıq görür. WSJ-nin mənbələrinin bildirdiyinə görə, əgər HƏMAS silahları könüllü şəkildə təhvil verməsə, İsrail bunu güc yolu ilə etdirməyə çalışacaq. Nəşrin İsrail tərəfinə yaxın mənbələrindən biri açıq şəkildə bildirib ki, rəsmi Təl-Əviv qruplaşmanın tərksilahını təmin etməkdə qərarlıdır.
Bununla belə, mümkün hərbi əməliyyatın başlama tarixi ilə bağlı hələlik konkret vaxt açıqlanmayıb. İsrail tərəfi hazırda Trampın planına uyğun hərəkət etməyə üstünlük verir. Xatırladaq ki, Donald Tramp 2025-ci ilin sonlarında HƏMAS-ın tərksilahdan imtina edəcəyi təqdirdə bunun qruplaşma üçün “çox baha başa gələcəyini” bəyan etmişdi.
Poliqon.info