BAKI, 10 yanvar. TELEQRAF
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Rusiya və Ukrayna ilə Zaporojye Atom Elektrik Stansiyası ərazisində atəşkəslə bağlı məsləhətləşmələrə başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə agentliyin veb saytında dərc olunmuş açıqlamada bildirilib.
Qeyd olunur ki, yanvarın 2-də hərbi əməliyyatlar zamanı Zaporojye Atom Elektrik Stansiyasında qalan sonuncu ehtiyat 330 kV-luq elektrik xətti zədələnib. Stansiya işlək vəziyyətdə olan yeganə 750 kV-luq xəttdən asılı vəziyyətdə qalıb.
Təklifdə Rusiya və Ukrayna mütəxəssislərinin təmir işlərini təhlükəsiz şəkildə aparmaları üçün yarımstansiyadan təxminən 10 kilometr aralıda müvəqqəti atəşkəs zonası yaratmaq barədə razılığa gəlmələri xahiş olunur.
Agentliyin baş direktoru Rafael Qrossi bildirib ki, BAEA stansiyada nüvə təhlükəsizliyini təmin etmək üçün hər iki tərəflə fəal şəkildə əməkdaşlıq etməyə davam edir.