AZ

Ramil Qasımov: "Toska" operasında Kavaradossi rolunu ifa etmək arzum idi

Bakı, 10 yanvar, AZƏRTAC

Hər rolun özünəməxsusluğunu yaratmaq və operasevərlərə düzgün təqdim etmək böyük məsuliyyət tələb edir. Bizdən öncə səhnədə sözünü demiş sənətkarlar isə həmişə bizim üçün ilham mənbəyi olub.

Bunu AZƏRTAC-a açıqlamasında tanınmış opera ifaçısı, Əməkdar artist Ramil Qasımov deyib.

"Yadımdadır ki, 1998-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində "Toska" operasına baxmışdım. Bu tamaşa yaddaşımda unudulmaz iz buraxmışdı. Toska rolunda dövrümüzün canlı əfsanəsi, Xalq artisti Xuraman Qasımova, Kavaradossi rolunda Gürcüstanın Xalq artisti Teymuraz Ququşvili, dirijor pultunda isə musiqi mədəniyyətimizin canlı əfsanəsi, Xalq artisti Rauf Abdullayev çıxış edirdi. Həmin tamaşada səslənən musiqi məni dərindən heyran etmişdi. Xüsusilə Kavaradossinin ölüm səhnəsi, onun ariyaları və bütövlükdə əsərin musiqi üzərində qurulan dramatik süjet xətti mənə unudulmaz təsir bağışlamışdı. Elə həmin gün bir qərar verdim və haçansa bu partiyanı özüm ifa etmək arzusunda idim. O arzu gerçəyə çevrildi", - deyə opera ifaçısı vurğulayıb.

Bugünlərdə Opera və Balet Teatrının təqdimatında "Toska" operasında Kavaradossi partiyasını ifa edən Ramil Qasımov deyib: "Dünya opera incilərindən olan Cakomo Puççininin "Toska" operası dinindən və dilindən asılı olmayaraq, musiqini sevən, ona ruhu ilə bağlı olan hər kəsə bir töhfədir. Əsərin dramaturji xəttini ifam ilə təqdim etməzdən əvvəl teatrın direktoru, Xalq artisti, dünyaşöhrətli tenor Yusif Eyvazovdan tövsiyələr aldım. Düşünürəm ki, ilk dəfə ifa etdiyim Kavaradossi partiyası növbəti tamaşalarda təkmilləşərək daha da mükəmməl olacaq".

 

Seçilən
57
azertag.az

1Mənbələr