AZ

Azərbaycan enerji balansında bərpaolunan enerji mənbələrinin payının əhəmiyyətli dərəcədə artırılması məqsədilə strateji layihələri uğurla icra edir - ŞƏRH

Bakı, 10 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə energetika sektorunda həyata keçirilən genişmiqyaslı işlər, icra edilən layihələr ölkəmizin, regionun iqtisadi inkişafında mühüm rol oynamaqla yanaşı, bu gün Avropanın enerji təhlükəsizliyinə önəmli töhfə verir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.

Mircəlil Qasımlı qeyd edib ki, dövlətimizin başçısının məqsədyönlü siyasəti nəticəsində ölkəmiz dayanıqlı sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir. Qlobal çağırışlar fonunda həyata keçirilən uğurlu dövlət proqramları, strateji əhəmiyyətli enerji layihələri ölkəmizdə güclü iqtisadi dayaqların formalaşdırılmasını təmin edir. Əldə olunan nailiyyətlər dövlətimizin qüdrətinin, beynəlxalq nüfuzunun, xalqımızın sosial rifah halının daha da artırılmasına xidmət edir.

“Bu xüsusda, ölkəmizdə yanacaq-energetika kompleksinin müasir tələblər səviyyəsində yenidən qurulması, investisiya və innovasiya fəallığının yüksəldilməsi istiqamətində əsaslı tədbirlər görülür, enerji balansında bərpaolunan enerji mənbələrinin payının əhəmiyyətli dərəcədə artırılması məqsədilə strateji layihələr həyata keçirilir. 240 meqavat gücündə olan “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsi Azərbaycanın enerji sektorunun inkişafı istiqamətində atılan davamlı addımlardandır. Prezident İlham Əliyevin stansiyanın açılış mərasimində qeyd etdiyi kimi, Azərbaycanın enerji potensialını gücləndirəcək stansiya, eyni zamanda, ölkəmizin ümumi inkişafına töhfə verəcək”, - deyə deputat vurğulayıb.

Mircəlil Qasımlı deyib ki, bu stansiya Azərbaycanın bərpaolunan enerji potensialını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir. Layihə Azərbaycanın yaşıl enerji strategiyasının ardıcıl və məqsədyönlü şəkildə icra olunduğunu bir daha nümayiş etdirir.

Bu layihənin, dövlətimiz tərəfindən ölkəmizdə yaradılan əlverişli investisiya mühitinin göstəricisi olduğunu söyləyən deputat diqqətə çatdırıb ki, həm “ACWA Power”, həm də “Power China” şirkətinin enerji stansiyasının inşasında iştirakı Azərbaycana olan yüksək etimadın təzahürüdür. Bu əməkdaşlıq, eyni zamanda, qabaqcıl texnologiyaların ölkəmizə gətirilməsinə və enerji sektorunda rəqabət mühitinin genişlənməsinə töhfə verir.

Son illər ərzində Azərbaycanın enerji sisteminin əsaslı şəkildə yeniləndiyini söyləyən Mircəlil Qasımlı generasiya güclərinin, ötürücü xətlərin və yarımstansiyaların müasir standartlara uyğun yenidən qurulduğunu qeyd edib. “Bu baxımdan, Azərbaycanın bütün bölgələrində olduğu kimi, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələri qeyd etmək istərdim. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsi barədə tapşırıqları ötən müddətdə uğurla icra edilib. Artıq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları bu gün 100 faiz yaşıl enerji ilə təchiz olunur. Kompleks şəkildə görülən işlər ölkəmizin enerji təhlükəsizliyini möhkəmləndirir, bərpaolunan enerji sahəsində strateji hədəflərin reallaşdırılmasını təmin edir, Azərbaycanın regional və beynəlxalq enerji məkanında mövqelərini daha da gücləndirir”, - deyə Mircəlil Qasımlı vurğulayıb.

Seçilən
70
azertag.az

1Mənbələr