Dünyanın qan çanağına döndüyü bir vaxtda ən vacibi Dövləti qorumaqdır.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Bizim başımız bəlada olanda öz taleyimizin hökmünə buraxılmışdıq. Heç kim bizi müdafiə etmirdi. O cümlədən Fələstinə bütün hörmətimə və dərdlərinə şərik olmağıma rəğmən. Axı Fələstin də bizi elə də müdafiə etmirdi” sözlərini bu gün Türkiyədə müzakirə etməyən ciddi siyasi, ictimai fiqur yoxdur. Sözün əsl mənasında Türkiyədə gündəmdir və bütün şərhlərdə böyük kütlənin Prezident İlham Əliyevin tam dəstəklədiyinin şahidi olarsız. Bu da çox əsaslıdır, çünki son dövrlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fələstinlə bağlı mövqeyi Türkiyə dövlətinə daim problemlər yaradıb. Mənim üçün bu gün də anlaşılan deyil ki, nə üçün Türkiyə Prezidenti R.T.Ərdoğan Fələstin üçün ona yaxın ölkəsi olan 300 milyonluq Ərəb dünyasından çox canfəşanlıq edir.
Əvvəllər bunu hakimiyyətə gəlmək üçün səs çoxluğu olan qatı dindar kəsim vətəndaşların səsini almaq üçün etdiyini haradasa başa düşmək olardı. Ancaq indi, dünyanın bu qarışıq vaxtında öz gücünü hesablamadan bu addımı atmağı heç cür anlamaq olmur. Axı bu yolla tək hakimiyyəti yox, Dövləti də itirmək olar. Nəzərə alaq ki, Avropa heç vaxt Türkiyəyə dost kimi baxmayıb. Bu gün etiraf etməsə də, Rusiya da Türkiyəni Ukrayna müharibəsindəki mövqeyinə görə düşmən kimi görür. Belə olan halda dünyanın bu qarışıq vaxtında ABŞ və İsrail kimi ölkələrlə də düşmən olmaq nə dərəcədə düzgün addımdır. Əminəm ki, BƏƏ, Səudiyyə və digər ərəb dövlətləri də Fələstin məsələsinin həlledici məqamında ABŞ və İsrailin yanında olacaqlar.
Bundan başqa, R.T.Ərdoğan bu gün Türk Dövlətlər birliyinin yaradılmasını istəyən bir şəxs kimi görünür. Bu Birliyin yaranması da əsasən ABŞ və Avropadan asılı olacaq, çünki bunu Rusiya, İran və Çin arzulamır. ABŞ və Avropa isə bu proyektin baş tutmasında Rusiya və Çin arasında onlara yaxın bir zolağın yaradılmasında maraqlıdırlar.
Hesab edirəm ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Fələstinlə bağlı çox yumşaq bir fikir söylədi. Əslində isə Fələstin daim bizə düşmən, Ermənistana isə dost mövqeyi sərgiləyib. Belə bir məqamda daim Azərbaycana və Türkiyəyə düşmən kəsilən İran və Fələstinlə bir mövqedə olmaq nə qədər düzgündür. Dinimiz birdir əsaslanması da yetərli deyil. Bu gün dünyada nə din, nə mədəniyyət, nə də digər dəyərlər yoxdur. Dövlətlər münasibətində ancaq maddi maraqlar münasibəti var. Bunu bu gün gedən Ukrayna və Rusiya müharibəsindən də görmək olar. Bir-biri ilə tək eyni din daşıyıcısı yox, həm də dil, mədəniyyət qardaşları olan iki ölkə öz maraqlarına görə bir-birilərini qırırlar.
Elə yaxın keçmişə baxsaq da görərik ki, bizə din, dil qardaşları olan müsəlman ölkəsi İran uzun illər torpaqlarımız işğal etmiş xristian ölkəsi Ermənistanın yanında oldu və uzun illər onu blokadadan xilas edərək hər cəhətdən təmin etdi. Əksinə, sionist, müsəlmanların düşməni adlandırdığımız yəhudi dövləti İsrail isə həmişə, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı da bizim yanımızda oldu. Ona görə də bu gün dünyanın qan çanağına döndüyü bir vaxtda ən vacibi Dövlətlərimizi qorumaqdır.
P.S. Yazdıqlarım əsla İsrail dövlətinin son illər Qəzzada törətdiklərinə dəstəklədiyim anlamına gəlməməlidir.
Aslan İsmayılov